Quranın möhkəm mətni

  1. Quran mətninin xüsusiyyətləri

      Hər bir mətnin özünəməxsus spesifik xüsusiyətləri vardır. Qurani-Kərim də, bir vəhy mətni kimi onu sair mətnlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu mətn həm söz, həm də məna baxımından əbədi bir möcüzədir. Bu yazıda Quran mətninin bəzi cəhətlərini tanıtdırmağa çalışacağıq.

     2. Yazılı vəhy

     Bu mətnin ən mühüm xüsusiyyəti onun Allah tərəfindən göndərilməsidir. Bu ilahi kitab – Allahın varlığının təcəllisidir.

Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi.” (Ali-İmran/ 3)

     “(Bu Quran) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.” (Fussilət/ 3)

Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır.” (Ğafir/ 2)

Qurani-Kərim təkcə nitqli deyil, eyni zamanda yazılı bir mətndir. Hermenevtiklərin təbiri ilə desək, “nitqli vəhy” “yazılı vəhy” surətində təsbit edilmişdir ki, hər bir fərdin hər əsr və zamanda ona əli çataraq onu oxuyub anlaya bilsin. Bəşəri bir mətndə müəllif öz məqsədini (niyyət) dəqiq şəkildə göstərə bilməyib, nəticədə mətn ilə onun müəllifinin məqsədi arasında boşluq yarana bilər. Lakin Quran Allah tərəfindən göndərildiyindən, mətnin öz mənasını ifadə etməsində heç bir qüsur ola bilməz. Bəşəri mətnlərdə bəzən müəlliflər onları əhatə edən bir çox məhdudiyyətlərə görə mətni yaratmaqda müvəffəqiyyətsizliklə üzləşə bilir və öz mesajlarını dəqiq bir şəkildə oxucuya ötürə bilmirlər, ancaq Quran mətni bu kimi qüsurlardan pak və münəzzəhdir.

  1. Mətnin nazil olma dərəcələri

Bu mətni digər mətnlərdən fərqləndirən cəhətlərdən biri də onun dərəcələrə malik olmasıdır. Bu mövcud mətnin həqiqəti, mahiyyəti “nəzd” və “əsl kitab” məqamında yerləşir.

Şübhəsiz ki, o (Quran), nəzdimizdəki əsl kitabda çox ucadır, hikmətlə doludur.” (Zuxruf/ 4)

     Açıq-aşkar ərəbcə ixtiyarımızda olan bu mövcud mətnın nazil olma dərəcəsi yüksək bir dərəcə hesab olunur.

Beləcə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxudasan.” (Şura/ 7)

     Quranın yüksək dərəcəsi bütün insanlar üçün əldə edilə bilən deyil və yalnız paklanan və ya kamil insanlar onu dərk edə bilərlər.

Həqiqətən, bu, çox qiymətli Qurandır. Ona yalnız paklananlar toxuna bilər!” (Vaqiə/ 77-79)

     Peyğəmbər (s) də Quranı “nəzd (lədun)” məqamından almışdır.

Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlim olunur.” (Nəml/ 6)  

     Qurani-Kərim iki cür nazil olmuşdur: birdəfəli nazil olma və tədrici nazil olma. Quran birdəfəli şəkildə Qədr gecəsi peyğəmbərə (s) nazil edilmişdir.

  “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr/ 1)

     Lakin, bu mətnin tədrici nazil olması iyirmi il müddət ərzində müxtəlif şəraitlərlə mütənasib olaraq baş vermişdir.

İnsanlara aramla oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, nazil etdik.” (İsra/ 106)

  1. Mətnin vəhdəti

Qurani-Kərim özündə bir vəhdət təşkil edir. Onun bütün mətləbləri bir-biri ilə həmahəngdir və onda heç bir ziddiyyət, ixtilaf da müşahidə olunmur.

     “Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” (Nisa/ 82)

     Quran mətni bir tərəfdən müdrik yaradıcı Allah tərəfindən nazil edildiyinə, digər tərəfdən isə hər hansı bir təhrifə məruz qalmadığına görə özündə heç bir əyriliyi və yanlışlığı ehtiva etmir.

Həmd olsun O Allaha ki, Kitabı (Quran) heç bir əyriliyə (yanlışlığa) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! (Kəhf/ 1-2)

  1. Mətnin missiyası

Hər bir mətn xüsusi bir hədəfə nail olmaq üçün yazılır, qələmə alınır. Mətnlərin müxtəlif hədəflərini nəzərə almaqla, onların anlaşılmasında “müəllif mərkəzlilik”, “mətn mərkəzlilik” və ya “oxucu mərkəzlilik”dən söz açmaq mümkündür. Ola bilsin ki, hər hansı bir dastan və yaxud bir şeir parçasını oxuyarkən, müəllifin qəsd etdiyi məqsədə nail olmaq bir o qədər də mühüm olmasın və oxucu onu oxumaqda azad olub müxtəlif baxış bucaqları, önfərziyyələri vasitəsilə ondan fərqli dərklər, çıxarışlar əldə etsin, amma hər hansı bir hüquqi mətni oxuyarkən qəti şəkildə müəllifin məqsədini nəzərə almaq labüddür, necə deyərlər, müəllif mərkəzlilikdən çıxış etmək lazımdır (müəllif mərkəz olmaq lazımdır). Hətta, mətnin qaranlıq yerlərini müəllifin niyyətini nəzərə almaqla aydınlaşdırmaq lazımdır. Qurani-Kərim də, insanların doğru yola yönəldilməsi üçün göndərilən bir mətn kimi onu yaradanın niyyəti, məqsədi əsasında təfsir edilməlidir. Bu mətn hidayət kitabıdır və insanın inkişaf və kamalı üçün lazım olan hər bir şey onda öz əksini tapmış və izah olunmuşdur.

     “Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl/ 89)

     Quran mətnindən istifadə insanın nurlanmasına səbəb olduğundan, Quran nur kitabı hesab olunur.

Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Quran vasitəsilə) əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (Maidə/ 15-16)

     Quran səadət kitabı olub haqqla batili bir-birindən ayırır.

Aləmləri qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər uludur!” (Furqan/ 1)

Bu mətn məna etibarilə aydın və zülmətsizdir. Necə ki, Qurani-Kərim özünü təsvir edərkən özünü “Dəlil” adlandırır və bununla da öz rasionallığını və aydın ifadəliliyini göstərir.

     “Ey insanlar!sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir.” (Nisa/ 174)

     Bu mətn haqq olduğundan, onda heç bir şəkk-şübhə yoxdur. Onun bilik və maarifləri rasionallıq və doğruluqla xarakterizə olunur.

    “Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən Kitabdır.” (Bəqərə/ 2)

  1. Mətnin əhatəliliyi

Quran bilgiləri, maarifləri olduqca dərin və genişdir. Bu mətn yalnız məhdud mövzuları əhatə etmir, əksinə, onun möhtəvası universallığa sahibdir. Quran mətninin mövzularını aşağıdakı bir neçə başlıq altında toplamaq olar:

1- Allahı tanıma (teizm);

2- Aləmi tanıma (kosmologiya);

3- İnsanı tanıma (antropologiya).

Yuxarıda qeyd olunan bəhslərin hər biri barəsində yüzlərlə mövzuya toxunulmuşdur ki, onları dərindən başa düşmək üçün isə elm, fəlsəfə və ürfandan yardım almaq qaçılmazdır. Burada, bu mətnin universallığının az da olsa aydınlaşması üçün nümunə olaraq, Qurani-Kərimin bəzi kosmoloji mövzularının mündəricatına işarə edirik:

Aləmin yaradılışı, yaradılışın hədəfi, mövcudatın yaranış mərhələləri, mövcudata biçim verilməsi, mövcudatın hərəkət və hidayəti, mövcudatın şüur və idrakı, mövcudatın səcdə etməsi, mövcudatın Allaha həmd edib ona təsbeh deməsi, mövcudatın əcəl və həşri, yaradılış aləminin nəzmi, varlıq aləminin qanunauyğunluğu, aləmin vəhdəti, aləmin nişanə olması, aləmin gözəlliyi, aləmin böyüklüyü, təbiət aləminin sonu, Allahın varlıq aləmi ilə əlaqəsi, varlıq aləminin dərəcələri, varlıq aləmləri, kürsi və ərş, lövh və qələm, lövhi-məhfuz, məhv və isbat lövhü, varlıq aləminin mövcudatı: ruh, mələklər, cin, şeytan və varlıq aləminin mükəmməl sistemi.

  1. Mətnin ifadə üslubu

Hər bir mətn öz məzmununu, məqsədlərini ifadə etmək üçün xüsusi bir üslubdan istifadə edir. “Ədəbi üslublar” sahəsində hər hansı bir məqsədi, mətləbi bəyan etmək üçün müxtəlif ifadə vasitələrindən (qəliblər) bəhs edilir. Yazılı vəhydə və ya Quran mətnində şeir dili kimi bəzi ifadə vasitələrindən istifadə edilməmişdir. Burada yalnız Quranın bəzi ifadə üslublarına işarə etməklə kifayətlənirik. Bunlardan biri Quranın öz məqsədlərini ifadə etmək üçün “təşbeh”dilindən çox istifadə etməsidir.

     “Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar.” (Ənkəbut/ 43)

     “Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik.” (Rum/ 58)

     “Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik.” (Kəhf/ 54)

Quranın təşbeh nümunələrindən biri də əməlsiz alimlərin təsviridir. Quran əməlsiz alimləri kitabları daşıyıb, əslində isə onlardan xəbərsiz olan dördayaqlı heyvanlara bənzədir.

Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan ulağa bənzərlər.” (Cumuə/ 5)

Quran təşbehləri, hamı üçün anlaşıqlı olmaq məqsədilə yüksək maarifləri, bilikləri sadələşdirir, başqa sözlə desək, ağılla dərd ediləni hisslə qavranılana bənzədir.

Qurani-Kərimdə “hekayət” üslubundan da çox istifadə edilmişdir. Xüsusən də, peyğəmbərlərin Allah yolunda göstərdiyi səylər və keçmiş ümmətlərin hekayəti Quranın diqqət mərkəzində olmuşdur. Quran hekayətlərinin quruluşu, strukuru da xüsusi bir formaya malikdir. Onun müxtəlif cəhətləri barədə çoxsaylı kitablar qələmə alınmışdır.

Bu mətndə heç bir zaman ədəbsiz sözlər, ifadələr işlədilməmişdir. “Kəlam iffəti” yazılı vəhyə hakim olan ən mərkəzi prinsiplərdən biri hesab olunur. Quran insanların intim münasibətlərindən söz açdıqda belə, qadınlara qarşı əməli təmayül anlamını ifadə edən “Rəfəs” və toxunma mənasını ifadə edən “Məss” sözlərindən istifadə edir. Məsələn, Ramazan ayı gecələrində intim münasibətin halal olması haqda belə buyurulur:

    “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq (Rəfəs) sizə halal edildi.” (Bəqərə/ 187)

Quran Züleyxanın hz. Yüsiflə olan hadisəsindən söz açarkən, kəlam iffətinə riayət edərək macəranı aşağıdakı şəkildə ifadə edir:

     “Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən Allaha sığınıram…” – deyə cavab verdi.” (Yusuf/ 23)

    Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik…” (Yusuf/ 24)

     “hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar…” (Yusuf/ 25)

  1. Mətnin əzəməti

Bu mətn elə əhəmiyyətə malikdir ki, Quran gözəl bir təşbehlə onun barəsində belə deyir:

Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” (Həşr/ 21)

     Dağların Qurani-Kərimi daşıya bilməməsi onun məhz məzmun, möhtəva və dil ilə əlaqədar spesifik xüsusiyyətlərinə görədir. Bu mətnin söz və məna baxımından ecazkarlığı onun “ağır bir kəlam” kimi adlandırılmasına səbəb olmuşdur.

   “Həqiqətən, Biz tezliklə sənə ağır bir kəlam (Quran) vəhy edəcəyik.” (Muzzəmmil/ 5)

  1. Möhkəm və mütəşabih

Qurani-Kərim mətnin ayələrini “möhkəm” və “mütəşabih” olmaqla iki qismə bölmüşdür. Belə ki, bəzi ayələr möhkəm, bəziləri isə mütəşabih hesab olunur.

     “Bu, ayələri hikmət sahibi, agah olan (Allah) tərəfindən möhkəmləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır.” (Hud/ 1)

     “Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi.” (Zumər/ 23)

     “Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi kitabın anası (əsası) sayılan möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar).” (Ali-İmran/ 7)

Mütəşabih ayələr elə ayələrdir ki, onların ifadə etdiyi gerçək məzmun müxatəb üçün aydın deyildir. Başqa sözlə desək, onların ifadə etdiyi mənada və əks etdirdiyi predmetlərdə insanın səhvə yol verməsi mümkündür. Bəzi Quran tədqiqatçıları mütəşabihləri üç qrupa ayırmışdır:

  1. Söz etibarilə mütəşabih olan;
  2. Məna etibarilə mütəşabih olan;
  3. Söz və məna etibarilə mütəşabih olan.

Ayələrdəki mütəşabihlik o zaman aradan qaldırılır ki, onlar möhkəm olanlara qaytarılmış olsun. Məsələn, aşağıdakı ayələr Quranın mütəşabih ayələrindəndir:

Öz Rəbbinə baxacaqdır!” (Qiyamə/ 23)

      “Rəhman Ərşə ucaldı (onu hökmü altına aldı).” (Ta ha/ 5)

     “Şübhəsiz ki, sənin Rəbbin pusqudadır (nəzarət edir).” (Fəcr/ 14)

     “Sənin Rəbbin gələcək…” (Fəcr/ 22)

     Yuxarıda qeyd olunan ayələri aşağıdakı möhkəm ayələrin vasitəsilə təfsir etmək lazımdır:

     “Ona bənzər heç bir şey yoxdur.” (Şura/ 11)

     “Gözlər Onu dərk etməz (görməz). O, gözləri dərk edər (görər).” (Ənam/ 103)

Qurani-Kərim möhkəm ayələri “Kitabın anası (əsası)” sifəti ilə xarakterizə etmişdir, çünki möhkəm ayələr mütəşabih ayələrin təfsir obyekti hesab olunurlar. Əslində, möhkəm ayələr mütəşabih ayələrə münasibətdə “ana mərkəz və təfsir obyekti” kimi çıxış edirlər. Bu əsasla, bütün Quran ayələrini daha “mütəşabih” hesab etmək olmaz, çünki əks təqdirdə, yuxarıdakı bölgü yanlış olub, nəticə etibarilə heç bir mütəşabih ayənin məzmunu aydınlaşmayacaqdır.

Məhəmmədhüseyn Təbatəbai hesab edir ki, bəzi Quran ayələri vahid bir mənaya, məzmuna malikdir və hər kəs onları oxumaqla ayənin qəsd etdiyi mənaları, məzmunları asan bir şəkildə dərk edə biləcəkdir. Ancaq bəzi ayələr bir neçə mənaya, məzmuna malikdir və onların gerçək mənasını təyin etmək çətin bir iş sayılır. Əslində, bu kimi ayələr şübhə vasitəsi olaraq fitnə-fəsad salmaq üçün bəhanə alətinə çevrilir. Quranın bu kimi mütəşabih ayələrini yalnız möhkəm ayələrə qaytarmaqla anlamaq mümkündür.

Deməli, Quranı anlamaq üçün möhkəm ayələri qəti xarakterli prinsiplər kimi qəbul etməliyik ki, onların vasitəsilə mütəşabih ayələr başa düşülə bilsin. Başqa sözlə, mütəşabih ayələrin ifadə etdiyi gerçək məna, məzmun yalnız möhkəm ayələrə müraciət etməklə aydınlaşır. Əslində, möhkəm ayələr mütəşabih ayələri təfsir edir.

Bəzi ayələrdəki mütəşabihliyin səbəbi ondan ibarətdir ki, hiss dünyasına vərdiş etmiş adi insanların düşüncəsi Qurani-Kərimin bəzi yüksək maariflərinin həqiqətini, mahiyyətini asanlıqla dərk edə bilmir. Məsələn, adi bir şəxs “Sənin Rəbbin gələcək…” (Fəcr/ 22) ayəsində Allahın gəlişini insanların gəlişi kimi dərk edə bilər. Elə buradan mütəşabihlik (bir neçə mənalılıq) qarşıya gəlir. Əlbəttə, möhkəm ayələrə və ya Allahın cisim olmasını rədd edən əqli prinsiplərə müraciət etməklə onun mübhəmliyini aradan qaldırmaq mümkündür.

Bir çox təfsirçilər möhkəm ayələri dinin təməl prinsipləri (yəni, dinin üsulları) ilə əlaqədar ayələr kimi dəyərləndirmişlər, çünki yalnız dinin sabit prinsipləri sayəsində Quranın əxlaq, hüquq, moizə və hekayətlər sahəsinə aid olan ayələrini izah etmək mümkündür. Deməli, möhkəm ayələr dinin təməl prinsipləri ilə, mütəşabih ayələr isə dinin ikinci dərəcəli prinsipləri ilə (yəni, dinin füruları) əlaqədar olmalıdır.

Mütəşabih ayələri daim möhkəm ayələr əsasında anlamaq gərəkdiyindən, Qurani-Kərim bu prinsipdən yayınanları “azğın” kimi qələmə verir.

Mütəşabih ayələrin möhkəm ayələr əsasında anlaşılması mətnin mətn ilə təfsir edilməsi zərurətini ortaya qoyur.

Əslində, Quranın bütün ayələri “möhkəm”dir, ancaq nazil olub insanların düşüncə çərçivəsində yerləşdiyi zaman mütəşabihlik baş verir. Əks təqdirdə, ayə “nəzd (lədun)” məqamında heç bir mütəşabihlik daşımır. Peyğəmbər (s) Qədr gecəsində də Allah tərəfindən Quran ayələrini aldıqda belə, onda mütəşabihlikdən əsər-əlamət yox idi. Mütəşabihlik əslində müxatəblərin düşüncəsi ilə üzləşən zaman məna kəsb edir.

  1. Mütəşabihlərin zərurəti

Qurani-Kərimdə mütəşabih ayələrin olduğuna dair bir sıra səbəblər qeyd olunmuşdur ki, bunlar da aşağıdakılardan ibarətdir:

  1. Quranın “təvil”i vardır. Deməli, bütün ilahi ayələr təvil oluna, yozula bilər.
  2. Quran ayələrinə əsasən, Allahın paklaşdırdıqları istisna olmaqla bütün insanlar ayələri təvil etməkdə acizdirlər. Əlbəttə, hamı Quranın təvilini anlamağa çağırılsa da, onu kamil şəkildə dərk etmək xüsusi bir qrupa məxsusdur.
  3. Bütün insanların düşüncəsi hiss olunanlarla məhdudlaşdığından, onlara fövqəlhissi məsələləri başa salmaq üçün “Ağılla dərd ediləni hisslə qavranılana bənzətmə” prinsipindən yardım almaq lazımdır. Elə məhz buna görə, Qurani-Kərimdə təşbeh xarakterli ifadələrdən çox istifadə edilmişdir. Əslində, ilahi maariflər verbal (sözlə bağlı) ifadələr formasında nazil olmuşdur. Əgər ilahi maariflər müxtəlif verbal qəliblər içərisində yerləşib rəngarəng misallarla müşayiət olunmasaydı və Quran ayələrindən bir-birini anlamaq üçün istifadə edilməsəydi, o zaman bütün insanlar onun mətləblərini dərk etməkdə aciz qalardılar.

   “Quran ayələrinin xarakterizə olduğu möhkəmlik və mütəşabihlik iki nisbi sifətdir. Yəni, hər hansı bir ayə bir cəhətdən “möhkəm”, digər cəhətdən isə “mütəşabih”ola bilər. Bu zaman, həmin ayənin özü bir ayəyə münasibətdə “möhkəm”, digər ayəyə münasibətdə isə “mütəşabih” kimi çıxış edir. Qeyd edək ki, Quranda mütləq şəkildə “mütəşabih” sayılan bir ayə yoxdur, ancaq mütləq şəkildə “möhkəm” sayılan bir ayənin varlığı üçün hər hansı bir maniə təsəvvür olunmur.”[1]

  1. Quranın zahir və batini

Qurani-Kərim dərin və əhatəli bir kitabdır və onun bütün dərin qatlarına nüfuz etmək olduqca çətindir. Əksər təfsirçilər bu qənaətdədirlər. Hədislərdə də qeyd olunduğu kimi, Quranın zahirindən əlavə, onun batini də vardır. Hədislərdə Quranın yeddidən yetmişə qədər batini olduğu vurğulanmışdır.

     “Quranın zahir və batini vardır.”[2]

     “Quranın zahiri və batini vardır, batininin də yeddi batinə qədər batini vardır.”[3]

      “Quranın zahiri təəccübləndirici, batini isə dərindir. Onun möcüzələri bitməz, qəribəlikləri isə sona çatmaz.”[4]

İmam Sadiqdən (ə) belə nəql edilir:

     “Allahın kitabı ibarə, işarə, incəliklər və həqiqətlərə sahibdir, belə ki, ibarə ümum insanlara, işarə xüsusi insanlara, incəliklər övliyalara və həqiqətlər isə peyğəmbərlərə aiddir.”[5]        

Yuxarıda qeyd olunan bu hədislərə görə, Quran maarifini dörd qrupa bölmək olar:

1- Quran ibarələri: Quranın sözləri xüsusi leksik mənalar ifadə edir və ərəb dili ilə tanışlığı olan hər bir kəs onları yaxşı şəkildə başa düşə bilər.

2- Quran işarələri: Bu, bütün insanların düşüncəsindən daha yüksəkdir və sözlərin leksik mənalarını bilməklə onların ifadə etdiyi anlamları dərk etmək olmaz. Onları anlamaq üçün bir çox məlumatlar əldə etmək labüddür. Elə bu baxımdan, yalnız alimlər Quran işarələrini dərk edə bilərlər.

3- Quran incəlikləri: Bu, yalnız ilahi övliyalara məxsusdur. Deməli, məlum olur ki, bunu əldə etmək üçün xüsusi biliklərdən əlavə, ruhu da paklamaq vacibdir.

4- Quran həqiqətləri: Bu, ən yüksək anlamları özündə ehtiva edir və onların dərki isə ilahi peyğəmbərlərə məxsusdur.

İmam Əlidən (ə) nəql edilən bir hədisi-şərifdə Quranın batinə sahib olmasından aşağıdakı şəkildə söz açılmışdır:

     “Hər bir ayənin dörd mənası vardır: zahir, batin, hədd və mənşə. Zahir tilavət, batin anlama, hədd halal və haram hökmlər, mənşə isə Allahın bəndəsindən istədiyi deməkdir.”[6]

Bəzi Əhli-sünnə alimləri Quranın batinə sahib olması ilə müxalifdirlər. Məsələn, Qazi Əbdül-Cəbbar “zahir”, “batin”, “tənzil” və “təvil” iddialarının əsassız olduğunu və batinilik cərəyanının xüsusi inanclarından irəli gəldiyini hesab edir. Onun fikirincə, sözün mənaya dəlaləti şərti bir xarakterdir və müəllif göstərici şahid olmadan zahiri mənadan əl çəkməməlidir, çünki əks təqdirdə, öz oxucusunu (müxatəbi) nadanlığa, biliksizliyə sürükləyəcəkdir.

İbn Teymiyyə də, Quranın batini olması ilə müxalifçilik edərək Quranın zahir və batinə malik olmasını bildirən hədisləri saxta, uydurma hesab edir.

Quran ayələrinin zahiri haqqında iki mühüm mətləbə diqqət etmək lazımdır:

1- Ərəb dilində nazil olmuş Quran sözləri Qurani-Kərimdə həm həqiqi, həm də məcazi mənada işlədilmişdir. Quranın zahiri mənaları eynilə ərəb dilində işlədilən mənalar kimidir. Əgər Quranın hər hansı bir yerində bir söz xüsusi bir mənada işlədilmişdirsə belə, bu, Quran lüğətinə və göstərici şahidə nəzərən işlədilmişdir. Məsələn; səlat, zəkat, həcc və s. kimi.[7]

2- Qurani-Kərimin fəsahət və bəlağətinə səbəb olan bütün mətləblər Quranın zahirinə aiddir. Məsələn; məcaz, metafora (istiarə), kinayə, təşbeh, eyham və s. Bütün bunlar Quranın batini mənaları ilə deyil, əksinə, onun zahiri mənaları ilə əlaqədardır. Misal üçün, aşağıdakı ayədə keçən “kor (əma)” ifadəsi məcazi mənada, yəni “qəlbi kor” mənasında işlədilmişdir ki, bu da batini məna deyil, zahiri məna hesab olunur.

Bu dünyada kor olan axirətdə də kor olar.” (İsra/ 72)

     Aşağıdakı ayəti-şərifədə də keçən “zəncir (ğull)” ifadəsi metafora şəklində işlədilərək ayənin batini mənası ilə deyil, zahiri mənası ilə əlaqədardır.

     “Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları yuxarı qalxmışdır.” (Yasin/ 8)

  1. Batini mənalar

     Ayələrin batini mənaları barəsində bir neçə nəzəriyyə irəli sürülmüşdür ki, burada onların bəzilərini qeyd edirik:

1- “Batin” dedikdə, ayənin təvili, yozumu nəzərdə tutulur. Bu xüsusda imam Baqirdən (ə) belə bir hədis nəql edilmişdir:

“Quranda olan hər bir ayənin zahir və batini vardır. Zahiri tənzil, batini isə təvildir.”[8]

2- “Batin” dedikdə, tətbiq və cərəyan, yəni ayəni onun ilkin müxatəblərindən başqa fərdlərə tətbiq etmək kimi başa düşülür. İmam Baqir (ə) belə buyurmuşdur:

    “Quranın zahiri Quranın barələrində nazil olduğu şəxslər, batini isə onların əməlləri ilə əməl edən şəxslərdir. Bunlar barədə nazil olan onlar barəsində də cərəyan edir.”[9]

     Məsələn, İslamın əvvəllərində yaşayan münafiqlər haqda nazil olmuş ayələr gələcək əsrlərdə yaşayan bütün münafiqlərə tətbiq edilə bilər. Ayələrin ilkin müxatəbi sayılmayan fərdlərə edilən bu tətbiq “təvil” adlanır.

3- “Batin” Quran ayələrində mövcud olan sirlərdir ki, Allah onları yalnız xüsusi fərdlərə bildirir.

4- “Batin” ayələrin ruhu deməkdir. Feyz Kaşani belə hesab edir ki, zahiri mənalardan əlavə, ayələr xüsusi həqiqətlərə və ruha da malikdir. Bu isə Quranın batinidir. Məsələn, aşağıdakı ayədə “su” sözü elmin batini, “vadilər” sözü qəlbin batini, “köpük” sözü isə zəlalətin batini mənasını ifadə edir.

Allah göydən bir su endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpüyü alıb apardı.” (Rad/ 17)

5- “Batin” dərki yalnız məsumlara aid olan Quran ayələrinin rəmzi (simvolik) mənalarıdır. Bəzi Quran tədqiqatçıları da, batini mənanı Quran ayələrinin təvili hesab etmişlər. Başqa sözlə desək, Quran ayələri ifadə etdiyi zahiri mənalardan əlavə, açılışı yalnız məsumlar üçün müyəssər olan rəmzlərə sahibdir. Bu rəmzi ayələr Quranın batinini təşkil edir. Bu yanaşma bir çox təfsirçilərin əksinə olaraq, “batin”i zahirin dərəcələrindən hesab edib, “təvil”i isə batindən fərqli olaraq sözün ifadə etdiyi zahiri mənadan yayınma anlamında qəbul etmişdir.

  1. Quranın batinlərə malik olmasının səbəbi

     Quranın batinlərə sahib olmasının sirrini aşağıdakı iki amildə axtarmaq lazımdır:

1- Quranın məna və anlamlarının dərinliyi;

2- İnsanların məhdud düşüncəsi və onların hissi fenomenlərlə ünsiyyəti.

Bu iki amilə əsasən, adi insanların dərk qüdrətindən yüksəkdə olan bir çox həqiqətlər Quranın batinində gizlidir. Başqa ifadə ilə deyilsə, Qurani-Kərim öz maariflərinin bir hissəsini bütün insanların ixtiyarına vermiş, adi insanların fikri üfüqündən yüksəkə olan digər hissəsini isə xüsusi insanlar üçün onun batinində qoymuşdur. M. Təbatəbainin sözü ilə desək:

“Quran maariflərinin müxatəbi bütün insanlar olduğundan, öz maariflərinin təlimini ümumi kütlənin ən sadə idrak səviyyəsinə uyğun olaraq həyata keçirmişdir ki, sözlərin ifadə etdiyi zahiri anlamlar öz məqsədlərini hissi çərçivədə müxatəblərə aşılaya və bu mənalar hər kəsin düşüncə səviyyəsi ilə mütənasib olaraq dərk edilə bilsin.

      Digər bir səbəb isə ondan ibarətdir ki, adi insanların düşüncə səviyyəsindən yüksək olan ali ilahi maariflər və Quran batinlərinə münasibətdə Quranın izahı bu kimi maarifləri insanların dərkinə yaxınlaşdırmaq üçün misallardır.”[10]    

Bəzən vahid bir söz çoxlu sayda məna ifadə edir. Bu mənalar Qurani-Kərimdə bir-biri ilə üfüqi (horizontal) deyil, şaquli (vertikal) əlaqəyə malikdirlər. Sözün mənaya dəlalət etməsi iki şəkildə baş verə bilər:

1- implikativ dəlalət (implisit siqnifikasiya);[11]

2- uyğun dəlalət (eksplisit siqnifikasiya).[12]

Birinci nəzəriyyəyə əsasən, hər hansı bir sözün bir “uyğun məna”sı vardır. Lakin bu uyğun məna üçün də, şaquli şəkildə olan bir neçə implikativ məna mövcuddur. Başqa təbirlə desək, sözün ifadə etdiyi “uyğun məna” vahiddir, onun daşıdığı implikativ mənalar isə çox olub şaquli şəkildə bir-birindən asılıdırlar.

Bəzi təfsirçilər sözün ifadə etdiyi uyğun və aşkar implikativ mənaları Quranın zahiri, onun gizli implikativ mənalarını isə Quranın batini hesab etmişlər.

Sanki Quran zahiri dedikdə, fərdlərin uyğun və aşkar implikativ mənalar əsasında dərk etdikləri ayələrin zahiri, batin dedikdə isə onların ifadə etdiyi gizli implikativ mənalar, mübhəm işarələr, incə və dəqiq mətləblər nəzərdə tutulur.[13]        

İkinci nəzəriyyəyə gəlincə, o, dəlalətin “uyğun” şəkildə olduğunu bildirir, belə ki, sözün çoxsaylı mənalara dəlalət etməsi yalnız “uyğun” şəkildə həyata keçir. Bu mənaların ifadə olunması isə şaquli xarakterlidir. M. Təbatəbai yazır:

“Qurani-Kərimin şaquli xarakterli müxtəlif məna dərəcələri vardır. Bunlar üfüqi şəkildə deyillər ki, sözün vahid bir mənadan daha çoxunda işlədilməsi problemi qarşıya gəlsin və yaxud məcazın ümumiliyi kimi çıxış etsin. Həmçinin bu, vahid bir predmet üçün mümkün olan çoxsaylı ayrılmaz xassələr qəbilindən də deyildir. Əksinə, bu, tamamilə “uyğun mənalar”dır ki, onlardan hər birini də insan fərdlərinin müxtəlif düşüncə səviyyələrinə mütənasib olaraq ayə “uyğun dəlalət” şəklində ifadə edir.”[14]

     Qeyd olunan bu təhlilə əsasən, ayənin ifadə etdiyi ilkin məna onun zahiri mənası, gizli mənası isə -istər, bir, istərsə də çox olsun- ayənin batini mənası sayılır. Digər tərəfdən, zahiri və batini mənaların bir-biri ilə şaquli əlaqəsi olduğundan onların arasında heç bir ziddiyyət mövcud deyildir.

Bəzi tədqiqatçılar, vahid bir sözün bir neçə mənada işlədilməsini mümkün hesab etmirlər və elə buna görə də, bir Quran ifadəsindən (kəlam) bir neçə mətləb üçün istifadə olunduğunu qəbul etmirlər. Bu kimi şəxslərə cavab olaraq qeyd etmək lazımdır ki, bir sözün daşıdığı şaquli xarakterli mənalar bir mənanın əks etdirdiyi fərdlərdən başqa bir şey deyildir. Bu, vahid bir sözün çoxsaylı məna ifadə etməsi kimi başa düşülməməlidir. Əlavə olaraq:

“Fərz edilən qeyri-mümkünlük ya sözün tutumunun, ya müxatəb və dinləyicinin tutumunun, ya da müəllifin (danışan şəxsin) elm və iradəsinin məhdud olduğuna görədir. Sözü gedən bu bəhsdə onun doğru olduğunu fərz etdiyimiz təqdirdə, irəli sürülən ən mühüm problem müxatəbin deyil, müəllifin elm və iradəsinin məhdud olmasıdır. Deməli, əgər danışan şəxs elm və iradə baxımından heç bir məhdudiyyəti olmayan Allah-taala olarsa, bu zaman bir ayədə bir neçə mətləbi və ya bir sözdə bir neçə mənanı ifadə etməkdə heç bir çətinlik olmayacaqdır.”[15]

     Bəzi Quran tədqiqatçıları yuxarıdakı iki nəzəriyyədən birincisini “mətnçi” nəzəriyyə, ikincisini isə “mənaçı” nəzəriyyə adlandırmışlar. “Mənaçı” nəzəriyyəyə görə, Quran Allahın varlığının təcəllisi, xüsusilə də onun “ismi-əzəm”idir. Digər tərəfdən, “ismi-əzəm” əhatəedici və toplayıcı bir reallıq olduğundan, Qurani-Kərim də bütün ilahi həqiqətləri özündə ehtiva edir. Bəzi tədqiqatçılar isə Quranın nazil olmasını ilahi elmdən qaynaqlanma kimi dəyərləndirərək belə demişlər: Allahın elmi bütün həqiqətləri özündə topladığına görə ilahi elmdən qaynaqlanan Quran da, bütün mövcudatları özündə ehtiva edəcəkdir.

İbn Ərəbi kimi bəzi ariflər hesab edirlər ki, Quran ayələrindən hər birinin iki çöhrəsi vardır: zahiri və batini çöhrələr. Ayələrin zahiri çöhrəsi yanız ayənin tərkibindəki sözlərin ifadə etdiyi mənaların vasitəsi ilə dərk oluna bilir. Batini çöhrəyə gəlincə, o, vücudi bir çöhrə olaraq yalnız intuisiya və mükaşifə (qəlbi müşahidə) vasitəsilə başa düşülə bilər. Başqa sözlə desək, ariflər bu mənaları öz ruh aynalarında müşahidə edirlər. Yəni, Quranın batininin dərkinə təlim ilə deyil, əksinə, intuitiv idrakla müyəssər olmaq olar.

Əslində, İbn Ərəbi və onun ardıcılları Quranın batininə nail olmağı onun təvili kimi dəyərləndirmişlər. Onun dərkinin intuitiv bilik vasitəsilə həyata keçdiyini qeyd etsələr də, bu məqamı da vurğulamışlar ki, hər bir mənanı Quranın batini və ya onun təvili kimi ayəyə yükləmək olmaz. Həmçinin, o mənalar qəbul edilə bilər ki, söz onun məna yükünü özündə daşıya bilmiş olsun. Əks təqdirdə, bu mənanı Allahın qəsd etdiyi məna kimi qələmə vermək doğru olmazdı.[16]

Bir qrup tədqiqatçılar bu qənaətdədirlər ki, “mənaçı” nəzəriyyəyə əsasən, yalnız nəfsi paklamaqla Quranın batinlərinin kəşfinə nail olmaq olar və əgər kimsə ruhi fəaliyyət nəticəsində ilahi isimlər və sifətlərlə xarakterizə oluna bilməsə, Quranın batinini və onun bir neçə qatlı mənalarını dərk edə bilməyəcəkdir. Lakin “mətnçi” nəzəriyyəyə görə, əqli sübutlarla Quranın batinlərini anlamaq mümkündür və nəfsi paklamağa da gərək yoxdur.

     “Quranın batinlərinin anlaşılmasında “mətnçi” nəzəriyyənin nəticəsi tamamilə “mənaçı” nəzəriyyənin nəticəsindən fərqlidir. Əgər “mətnçi” nəzəriyyədə Quranın batinlərinə və onun çoxsaylı mənalarına varmaq yalnız əsas şəkildə nəfsi paklayıb ilahi isimlər və sifətlərlə xarakterizə olunmaqla mümkün idisə və əqli sübutlar ya heç bir rola malik deyildisə və yaxud olduqca məhdud bir rol oynayırdısa, “mənaçı” nəzəriyyələrdə isə nəticə tamamilə əksinədir. Yəni, ayələr üzərində düşünüb onların məzmunlarını bir araya toplamaq birinci rolu, nəfsi paklamaq isə ikinci rolu oynayır, çünki çoxsaylı mənalar əlahiddə reallıqlar deyillər ki, vücudi ittihadla onlara nail olmaq mümkün olsun. Əksinə, hamısı zehin və idrakın nailiyyəti hesab olunur. Bu səbəbdən dolayı, hər nə qədər daha çox düşünüb təhlil etsək, daha çox mənalar əldə edə biləcəyik.”[17]   

Qeyd etmək lazımdır ki, Quranı ismi-əzəmin və ya ilahi elmin təcəllisi kimi qəbul etmiş bir çox alimlər Quranın batini mənasının onun sözləri ilə əlaqəsiz olduğunu demirlər. Başqa bir ifadə ilə, “mənaçı” nəzəriyyənin bütün tərəfdarları Quranın batini mənalarının düşünmədən sadəcə olaraq intuisiya vasitəsilə əldə edildiyini hesab etmirlər. Məhəmmədhüseyn Təbatəbai və bir çox digər böyük şəxsiyyətlər Qurani-Kərimi Allah-taalanın təcəllisi hesab edirlər və eyni zamanda, batini mənaları onun sözləri ilə əlaqəli olaraq təhlil edirlər. Əslində, onlar batini zahiri dərəcədən yüksəkdə olan bir dərəcə kimi hesab edib zahir ilə batin arasında şaquli dərəcələrin olduğu qənaətindədirlər. Bu arada, yalnız bəzi ariflər batini mənanın dərkini intuitiv hesab etmişlər.

Hermenevtika sahəsində bir sıra problemləri irəli sürən bəzi tədqiqatçılar belə hesab edirlər ki, dini mətnlərin (məs; Quran və Sünnə kimi) batinlərə malik olması mənanın müəyyənləşib-müəyyənləşməməsi ilə əlaqədardır.

“Mətnin mənasını tamamilə müəyyən hesab edən nəzəriyyə ilə onun (mətn) mənasını tamamilə qeyri-müəyyən sayan nəzəriyyədən heç birinin dini mətnlərin batinlərə malik olmasını izah etməyə gücü çatmaz. Başqa sözlə, dini mətnlərin aydın qatlarını nəzərə almaq lazımdır ki, problemə uyğun bir cavab vermək mümkün olsun.”[18]

     Quran mətninin batinlərə malik olması fikri heç də mənanın qeyri-müəyyənliyi nəzəriyyəsini qəbul etmək deyildir. Burada da, məna müəyyəndir. Lakin sadəcə olaraq bəzən sözün bir mənası, bəzən isə çoxlu sayda mənası olur. Bu çoxsaylı mənalar da, bir-biri ilə şaquli şəkildə əlaqəlidirlər. Bu məqamda, istər “uyğun dəlalət” nəzəriyyəsini, istərsə də “implikativ dəlalət” nəzəriyyəsini qəbul edək, bu nəzəriyyələrdən heç biri mənanın qeyri-müəyyənliyini təsdiqləmir.

 Çevirdi: Emin İmanlı

İstifadə olunan ədəbiyyat:

  1. Nəsri, Dr. Abdullah, “Mətnin sirri”, s. 222-245.             

[1]. M. Təbatəbai, əl-Mizan, c. 5, s. 122

[2]. Hür əl-Amili, Vəsail əş-Şiə, c. 27, s. 192

[3]. Feyz Kaşani, Təfsir əs-Safi, c. 1, s. 59

[4]. ət-Təbərsi, Məcmə əl-Bəyan fi təfsir əl-Quran, c. 1, s. 191

[5]. Məhəmmədbaqir Məclisi, Bihar əl-Ənvar, c. 75, s. 278

[6]. Feyz Kaşani, Təfsir əs-Safi, c. 1, s. 31

[7]. “Səlat” sözü lüğəvi anlamda “dua”, “zəkat” sözü “artma” və “həcc” sözü isə “qəsd etmə” mənalarını ifadə edir. Lakin Quran lüğətində bunlar öz həqiqi mənalarında işlədilməmişdir, belə ki, səlat “namaz”, zəkat “xüsusi vergi” və həcc isə “Kəbəni ziyarət etmə” mənalarında məcazi olaraq işlədilmişdir.-Tərc.

[8]. Məhəmmədbaqir Məclisi, Bihar əl-Ənvar, c. 9, s. 79

[9]. Yenə orada, s. 83

[10]. M. Təbatəbai, “Quran və İslam”, c. 42

[11]. Bəzən müəyyən bir sözün mənası ilə başqa bir məna arasında bir növ ayrılmazlıq (implikasiya) əlaqəsi olur, belə ki, birinci məna zehində canlanan kimi dərhal ikinci məna da zehində canlanır. Bu zaman, birinci mənaya dəlalət edən söz ikinci mənaya da dəlalət edir. Bu dəlalətə implikativ dəlalət deyilir. “Mürəkkəb” sözünün qələmə dəlalət etməsi bu qəbildəndir. Bu dəlalət o şəxsin zehnində baş verə bilər ki, mürəkkəb ilə qələm arasındakı implikativ əlaqə onun zehninə aşılanmış olsun. Aydındır ki, implikativ dəlalət bütün sözlərdə olmur.-Tərc.

[12]. Bu cür dəlalət hər bir sözdə vardır və müəyyən bir sözün öz mənasına bütünlüklə dəlalət etməsi deməkdir. “Kitab” sözünün bütünlüklə kitabın cild və vərəqlərinə dəlalət etməsi buna misal ola bilər.-Tərc.

[13]. Nəhavəndi, Məhəmməd, “Nəfəhat ər-Rəhman”, c. 1, s. 28

[14]. “əl-Mizan”, c. 5, s. 122

[15]. Cavadi Amuli, “Təsnim”, c. 1, s. 129-130

 

[16]. İbn Ərəbi, “Quran işarələrinin təfsirində Rəhmandan olan rəhmət”, c. 2, s. 148-150

[17]. “Quran tədqiqatları” jurnalı, n. 21-22, s. 29

[18]. “Yeddi asiman” jurnalı, n. 8, s. 249-250

 

Oxşar yazılar
“Cihad”- təhrifə məruz qalmış Quran ifadəsi
Allaha isnad edilməsində zorlandığımız anlayışlar
Quranın dili
Quranın əxlaq sistemini necə anlayaq?!