Səbəb nədir, nəticə nədir?

İçərisində yaşadığımız dünya -həm iç dünyamız, həm də dış dünyamız “asılılıq” dünyasıdır. Bu dünyalarda hər bir şey, nəsnə, olay o biri şey, nəsnə, olaydan asılıdır. Kimsə və ya nəsə kimdən və ya nəsədən asılı durumdadır. İç və dış dünyanı araşdırdıqda, bir daha bizə sübut olur ki, ortada danılmaz “asılılıq zənciri” var. Dünyanın öz həyatına davam edə bilməsi üçün bu asılılıq qaçılmazdır. Dünya içərisində olanlar- nəsnələr və olaylar bir-birindən asılı olmasaydılar, daş daşın üzərində qalmaz və “nəzm-intizam” deyə bir şey peyda olmazdı. Dünyamız bu qədər gözəl, zərif, incədirsə, bunu içərisində olan “asılılıq” gerçəyinə borcludur. Bu asılılığın iki yönü var: biri müsbət, o biri isə mənfidir. Müsbət odur ki, kimsə və ya nəsə ondan asılıdır. Mənfi isə odur ki, kimdən və ya nəsədən asılıdır. Müsbəti “səbəb”, mənfini isə “nəticə” təmsil edir. Bu əsasla, “səbəb-nəticə” qanunu “asılılıq” qanunu deməkdir. Ancaq asılığı iki yönlü- müsbət və mənfi yönlü anlamalıyıq, belə ki, dediyimiz kimi, bir yönü səbəb, o biri yönü isə nəticə olmalıdır. Deməli, səbəb- “ondan asılı olunan”, nəticə isə- “asılı olan” deməkdir. Səbəblə bağlı işlətdiyimiz “ondan asılı olunan” ifadəsindəki “o” əvəzliyində məqsəd səbəbin özüdür. Yəni, nəticə səbəbdən asılıdır.

Onu da deyim ki, asılılıq özünü müxtəlif, rəngarəng şəkillərdə göstərə, təzahür etdirə bilir: bəzən asılılıq özünü hərəkət formasında, bəzən doğmaq, bəzən yaratmaq, bəzən təsir və s. bu kimi formalarda əks etdirir. Qoy, konkret bir örnək verim: Məsələn, bilirik ki, hərarət, istilik oddan qaynaqlanır, deməli, od istilik doğurur. Stəkan əldən daşın üzərinə düşəndə sınır, deməli, sınmaq düşməkdən yaranır. Birini təhqir edəndə, özünü narahat hiss edir, deməli, özünü narahat hiss etmək təhqirdən irəli gəlir və s. Bu və ya sonsuz, hesabsız örnəklərə baxdıqda, təkcə “asılılıq” görürük, ancaq iki yönü olan bir asılılıq: biri səbəb, digəri isə nəticə. Gəlin, bir örnəyi açıqlayaq. Deyirik ki, hərarət oddan qaynaqlanır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, hərarət peyda olmaq üçün oddan asılıdır, od isə odur ki, hərarət ondan asılı durumdadır. Demək, hərarət “asılı olan”, od isə “ondan asılı olunan”dır, yəni hərarət oddan asılıdır.

Beləliklə, “səbəb-nəticə” qanununda söhbət nə hərəkətdən, nə doğmaqdan, nə yaratmaqdan, nə təsirdən və nə də bu kimi şeylərdən gedir. Əksinə, söhbət “asılılıq”dan gedir. Demək, nəticənin mahiyyətini şəkilləndirən onun asılı olmasıdır. Səbəbin mahiyyətini də formalaşdıran ondan kiminsə və ya nəyinsə asılı olmasıdır. Səbəb və nəticəni bu mənada anlasaq, ətrafımızda olan bütün nəsnə və olaylarda rahatlıqla səbəbiyyət əlaqəsini, ilişgisini müşahidə edə bilərik. “Səbəb-nəticə” qanunu barədə istərdim bir neçə maraqlı, ilginc məqama toxunum:

1.

İlk sorum belədir: Səbəb-nəticəni kim dərk edir: ağıl, yoxsa hisslər? Cavab: Səbəb və nəticəni insanın ağılı anlayır, dərk edir və hisslər heç bir zaman buna nail ola bilməz. Gəlin, irəlidə dediyimiz od-hərarrət misalına qayıdaq. Bu misalda, insan yalnız öz duyğu orqanı olan gözü ilə odun şölələndiyini, yandığını görə və lamisə duyğusu ilə də onun hərarətini hiss edə bilir, vəssalam. Hiss bundan nə artığını, nə də əskiyini qavrayır. Hərarətin oddan asılı olmasına, bu ikisi arasındakı asılılıq əlaqəsinə və sonucda, odun səbəb, hərarətinsə nəticə olduğuna gəlincə, bunu hisslər (göz və lamisə) qavramır. Qavradığı isə təkcə odun yanmasından və hərarətin peyda olmasından ibarətdir. Deməli, səbəb-nəticəni hisslər deyil, ağıl dərk edir. Müddəamızın daha da aydınlaşması üçün, gəlin digər bir örnəyi də nəzərdən keçirək: Əl və açar- hər ikisi də eyni zamanda, birgə hərəkət edirsə (ki, edir), onda səbəb hansı, nəticə hansıdır? Əlin hərəkəti açarın hərəkətindən asılıdır, yoxsa əksinə? Bunu kim dərk edir: ağıl, yoxsa hiss? Hiss ki dərk edə bilməz, çünki hissin qavradığı təkcə iki olayın eyni anda, zamanda birgə baş verməsidir, vəssəlam. Bundan nə artığını, nə də əskiyini qavrayır- nə əl ilə açar arasındakı asılılıq əlaqəsini, ilişgisini qavraya bilər, nə də əlin səbəb, açarınsa nəticə olmasını və ya əksinə. Deməli, aydın olur ki, bu gerçəyi dərk edən yalnız AĞILdır. Ağıl anlayır ki, əl səbəb, açar isə nəticədir.

2.

Səbəbin öz mərtəbəsi, dərəcəsi var, nəticənin də öz mərtəbə və dərəcəsi. Bu, nə deməkdir? Bu, o deməkdir ki, səbəb mahiyyət etibarilə yuxarı mərtəbədə dayanır, nəticə isə öz mahiyyətinə görə aşağı mərtəbədə yerləşir. Bu yuxarılıq və aşağılıqdır ki, birini səbəb, o birini isə nəticə edir. Başqa sözlə, birini “ondan aslılı olunan”, digərini isə “asılı olan” edir. Səbəb “ondan asılı olunan” olduğuna görə, yuxarı mərtəbədə, nəticə isə “asılı olan” olduğuna görə aşağı ərtəbədə dayanır. Bu belədir: “asılı olan” həmişə asılı olduğundan mərtəbəcə, dərəcəcə aşağıda gəlir. Onu da deyim ki, bu yuxarı və aşağı mərtəbə, dərəcə məkan, yer baxımından deyil, əksinə, bu, yalnız onların vücudi mərtəbəsinə, dərəcəsinə görədir. İrəlidə qeyd olunan “əl və açar” misalında bunu görmək olar. Əl və açar məkan, yer baxımından eyni mərtəbədə olub, eyni anda, vaxtda hərəkət edirlər. Ancaq buna baxmayaraq, ağıl əli səbəb, açarı isə nəticə hesab edir. Bu necə ola bilir axı? Eyni məkana və eyni zamana malik olan iki nəsnədən biri necə olur ki, səbəb olur, o biri isə nəticə? Bunlarda hansı özəllik var ki, məkan və zaman statusları bir ola-ola biri səbəb, digəri isə nəticə kimi çıxış edir? Bu fundamental soruya yalnız bir az öncə anlatdığımızla cavab bermək olar. Yəni, səbəbin vücudi dərəcəsi ilə nəticənin dərəcəsi bir-birindən fərqlidir. Məhz bu vücudi dərəcəyə görə, əl səbəb, açar isə nəticə rolunda çıxış edir. Aydın olur ki, açar öz hərəkətində əldən asılı olduğuna görə, vücudən aşağı mərtəbədə, əl isə yuxarı mərtəbədə dayanır.

3.

Səbəb-nəticə ilə bağlı bilməmiz gərəkən başqa bir məsələ isə onların cəhətidir. Bu, o deməkdir ki, bir şey, nəsnə bir cəhətdən səbəb, başqa cəhətdən isə nəticə ola bilər və ya əskinsə. Yəni, kiminsə və ya nəyinsə nəticəsi, kiminsə və ya nəyinsə səbəbi kimi çıxış edə bilər. Məsələn, fərz edək, bilyard taxtası ilə bilyard toplarından birinə vururuq və həmin top da hərəkət edərək başqa bir topa dəyir. Burada birinci top, bilyard taxtasına baxanda, “nəticə”, dəydiyi ikinci topa baxandasa, “səbəb” sayılır. Deməli, birinci top bir cəhətdən nəticə, digər cəhətdən isə səbəbdir. Başqa bir örnək: Mən qapını açanda, əlim açarın səbəbi, açarsa bir cəhətdən əlin nəticəsi, başqa cəhətdən isə qapının açılmasının səbəbi kimi çıxış edir. Deməli, açar həm səbəbdir qapının açılmasına baxanda, həm də nəticədir ələ baxanda.

Oxşar yazılar
Dünyagörüşü və ideologiya: Bilik, hədəf və proqram
Yaradılışçı Savalan Məhəmmədliyə cavab əvəzi
Yuxu, yəni qurtuluş
Çağdaş fəlsəfənin düyünaçması və düyüngöstərməsi