Şəfaət- Allahın dolayı iradəsinin təzahürü

1.

Bu yazımda belə bir müddəanı isbatlamağa çalışacam: “Şəfaət əslində Allahın dolayı iradəsinin təcəllisi, təzahürüdür”. Sübut kimi həm əqli təhlildən, həm də dini mətndən istifadə edəcək, ağıl və dini mətnin bu məsələdə bir-birini təsdiqlədiyini, eyni sözü dediyini göstərməyə çalışacam. Şəfaət mövzusu geniş, şaxəli bir mövzu olsa da, burada qeyd olunan müddəanın isbatı ilə kifayətlənəcəm.

2.

Bildiyimiz kimi, “tövhid” dünyagörüşünə əsasən, varlıq aləmində baş verən hər bir hadisə, olay Allahın icazəsi, iradəsi ilə, Ondan güc alaraq, varlıq alaraq həyata keçir. Heç bir olay, hadisə Onun icazə və iradəsindən müstəqil olaraq baş verə bilməz. Başqa sözlə, varlıq aləmində yeganə “zəruri varlıq” Allahdır və yerdə qalanlar isə “mümkün varlıq” kimi öz varlıqlarını anbaan Ondan alırlar. Belə ki, bir an varlıq feyzi kəsilərsə, yoxluq bataqlığına sürüklənər və varlıq səhnəsindən əbədi olaraq silinərlər. Deməli, baş verən, həyata keçən hər nə varsa, bu, yalnız Allahın icazəsi, iradəsi ilə həyata keçir, baş verir.

3.

Dini mətnlərdən (Quran və sünnə) məlum olduğu kimi, Allah – özü şəfaət prinsipini dini mətlərdə yerləşdirmiş və onu qanuni bir səbəb vasitəsi olaraq təyin etmişdir. Həmçinin, dini mətnlərdən aydın olduğu kimi, şəfaətin ən bariz nümunələrindən biri də “bağışlanma”dır. İlahi şəfaətə məruz qalan birisi bağışlanaraq əfv olunur. Bu “bağışlanma” isə iki şəkildə həyata keçə bilər: ya insanın birbaşa olaraq Allahdan istəməsi ilə, ya da şəfaət səlahiyyəti olanlardan bunu istəməklə. Şəfaət səlahiyyəti olanlardan “bağışlanma” istəmək dedikdə, onların şəfaət istəyən üçün Allahdan bağışlanma diləmələri nəzərdə tutulur (Diqqət edin!). Şəfaətin ikinci şəklində diqqət edilməsi vacib olan məqam- bunun tövhid prinsipi əsasında həyata keçməsi zəruriliyidir. Bu mənada, şəfaət səlahiyyəti olanlardan “bağışlanma” tələbi əslində Allahın dolayı iradəsinin təcəlli, təzahür etməsidir. Yəni, bəzən Allah öz “bağışlama” iradəsini birbaşa olaraq təzahür etdirir, bəzən isə bunu vasitələrlə həyata keçirir ki, şəfaət onlardan biri hesab olunur. Bu isə o deməkdir ki, Allahın “bağışlama” iradəsi- özünü insana şəfaət səlahiyyəti olanların iradəsində göstərir.

4.

Biz bu müddəanı -“Şəfaət əslində Allahın dolayı iradəsinin təcəllisi, təzahürüdür.”- dini mətnlərdə qeyd olunan bilgilərdən, əqlin ortaya qoyduğu aksiom təhlildən əldə edirik. İndi isə gəlin, müddəamızın lehinə olan dəlillə tanış olaq:

Dini biliyin ana qaynağı olan Quranda bir çox ayələr var ki, şəfaət- buna səlahiyyəti olanlara Allahın icazəsi, istəyi, razılığı ilə verilir (Məsələn; Bəqərə, 255; Taha, 109; Nəcm, 26, Yunus, 3 və s.). Burada ağıl işə düşərək soruşur: Şəfaət səlahiyyəti olan birisi Allahın iradəsinə, istəyinə əks, müxalif, zidd şəfaət edə bilərmi? Ümumiyyətlə, Allah öz əzəli və sonsuz elmindən doğan iradəsinin əksinə, ziddinə olan bir şəfaət iradəsinə icazə verərmi? Zənnimcə, hər bir sağlam ağıl sahibi ağılın bu suala verdiyi cavabın mənfi olduğuna inanır. Burada ağıl qətiyyətlə bildirir ki, şəfaət səlahiyyəti olanların iradəsi Allahın iradəsi ilə üst-üstə düşməlidir və yalnız bu halda onların şəfaət iradəsi məqbul hesab oluna bilər, çünki onların iradəsi ya Allahın iradəsi ilə uyğundur, ya da ona qarşıdır. Uyğundursa, deməli, Allahın iradə etdiyidir. Qarşıdirsa, bu, əslində Allahın iradəsinə qarşı asi olmaq deməkdir ki, bu da şəfaət səlahiyyəti olanlardan baş verməz, çünki onlar yalnız Allahın əmri çərçivəsində hərəkət edirlər və iradələri də Onun iradəsi qarşısında təslimdir. Bu deyilənlər isə yuxarıda qeyd etdiyimiz “tövhid” prinsipinin qaçılmaz tələbidir. Ağılın bu nəticəsini təsdiqləyən iki Quran ayəsinə nəzər salaq: “Allahın hüzurunda, şəfaət yalnız Onun icazə verdiyi kəsə fayda verər…” (Səba, 23) və “…Onlar yalnız Allahın razı olduğu kəslər üçün şəfaət edərlər…” (Ənbiya, 28) Hər iki ayədən göründüyü kimi, şəfaət səlahiyyəti olanların iradəsi Allahın iradəsi ilə üst-üstə düşür. Deməli, Allahın iradəsi mərkəz və meyardır. Bu o deməkdir ki, Allahın “bağışlama” iradəsi bəzən birbaşa olaraq özünü təzahür etdirir, bəzən də bu, dolayı şəkildə həyata keçir. Şəfaət isə Allahın dolayi iradəsinin təzahür etməsini təmin edən bir vasitədir. Beləliklə, yuxarıda qeyd olunan dəlili məntiqi şəkildə aşağıdakı kimi formulə edə bilərik:

1) Quran mətninin ifadə etdiyi fakta əsasən, şəfaət Allahın icazəsi, istəyi və razılığı ilə həyata keçir.

2) Ağılın dərkinə əsasən, Şəfaət səlahiyyəti olan Allahın iradəsinə, istəyinə əks şəfaət edə bilməz və həmçinin Allah öz əzəli və sonsuz elmindən doğan iradəsinin əksinə olan bir şəfaət iradəsinə icazə verməz.

3) Deməli, şəfaət səlahiyyəti olanların kiminsə barəsində “şəfaət” iradəsi Allahın həmin kəs barədəki “şəfaət” iradəsi ilə üst-üstə düşür.

4) Bu isə o deməkdir ki, şəfaət Allahın dolayı iradəsinin təzahür formasıdır.

 

 

Oxşar yazılar
Modern ilahiyyat üzərinə bəzi qeydlər
Məzhəbçiliyə son qoymaq mümkündürmü?!
Əbədi əzab problemi
Dini anlamada ən primitiv qayda