Şeyin mahiyyət və varlığa analizi (15-ci dərs)

Bu dərsimizdə “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusunun düzgün fəlsəfi təsvirindən söz açacam. Aydındır ki, bir müddəanı doğru anlamaq üçün ilk öncə onu düzgün şəkildə təsvir etməliyik. Mən bir neçə dərsdə bu işi görməyə çalışacam ki, bu da beş aşamada, mərhələdə olacaq: (1) şeyin (nəsnə) mahiyyət və varlığa analizi, (2) varlıq və mahiyyətin daşıdığı xüsusiyyətlər, (3) orijinallıq və şərtilik anlayışlarının açıqlanması, (4) mövzu ilə əlaqədar dörd ehtimalın tədqiqi və (5) nəhayət, müddəanın lehinə olan sübutlar. İndi isə, gəlin ötən dərslərimizə qayıb “varlıq-mahiyyət” barədə deyilənləri yadımıza salaq. Öncədən (8 və 9-cu dərslərdə) anlatdığımız kimi, ağıl hər hənsı bir şeyin, nəsnənin “nə” olması ilə onun “var” olmasını bir-birindən fərqləndirə və bu ikisindən hər birini o birindən ayırıb onu təklikdə, müstəqil şəkildə anlaya bilir. Birinciyə “mahiyyət”, ikinciyə isə “varlıq” adı verir. Bu əsasla deyirik: Fərz edin, qarşımızda “Daş” adlı konkret, real bir şey, nəsnə var. Ağılımız onu iki hissəyə analiz edir, ayırır: 1) O şeyin daşlığı və ya daş olması, 2) o şeyin gerçəkləşməsi və real olması. Birinci hissə o şeyin “nə” olmasını, yəni mahiyyətini, ikinci hissə isə onun “var” olmasını, yəni varlığını bildirir. Odur ki, biz bu konkret “daş” barədə iki fərqli cümlə qura bilirik: “Bu (şey) bir daşdır” və “Bu (daş) vardır”. Deməli, biz konkret bir şeydən, nəsnədən iki fərqli anlayış əldə edirik. Bunun ardınca isə ağıl dərk edir ki, bu reallığın xarici aləmdə iki yönü var: mahiyyət yönü və varlıq yönü. Bu da o deməkdir ki, biz əldə etdiyimiz bu iki anlayış sayəsində “daş”ın xarici reallıqdakı iki dürlü (növlü) həqiqətinin olduğunu başa düşürük. Əslində, zehinimizdə olan bu iki anlayış xarici aləmdə olan həqiqətləri qavraya bilməyimiz üçün eynək rolunu oynayır. Belə ki, bizə göstərir ki, “daş”ın zehində başa düşülən mahiyyət və varlıq yönləri xarici reallıqda özlərinə xas həqiqətləri də var.     25.03.2015

Oxşar yazılar
Fərliliyin üçüncü sübutu (12-ci dərs)
“Varlıq” anlayışı (4-cü dərs)
Fəlsəfə nədən danışır? (3-cü dərs)
“Varlıq” anlayışının eynimənalılığı (5-ci dərs)