“Şeytan insanı azdırır” deyiminin düzgün təhlili

1.

Çoxları “Şeytan insanı azdırır” deyimini doğru anlamır, düzgün təhlil edə bilmir. Elə düşünürlər ki, şeytan kiminsə əlindən tutub onu günaha, pisliyə doğru çəkir, onu günah bataqlığına itələyir. Əslində isə, bunu belə anlamaq yalnış olardı. Nə üçün? Zənnimcə, ən azı, ona görə ki, mən faktiki olaraq öz iç dünyamın şahidi oluram ki, kimsə məni hansısa bir günahın, pisliyin içinə, özüm istəmədiyim təqdirdə, itələmir. Mən bunu bütün varlığımla duya, anlaya bilirəm. Bilirəm ki, itələyici bir qüvvə yoxdur. Hər nə varsa, mənim azad seçimim, iradəmdir, vəssəlam. Deməli, günahı, pisliyi edən mənəm kiminsə təzyiqi, təhdidi, məcburiyyəti ilə yox. Bu intuitiv (batinən vasitəsiz olaraq qavradığım) dərki ilahi vəhy məntiqi də təsdiqləyir: “Şeytanın hökmü yalnız onun ardınca gedənlərin üzərindədir!” (Nəhl, 100). Bu ayəyə əsasən, şeytan o adama təsir edə bilir ki, ona cavab verir, ona uyur, ardinca gedir öz azad seçimi ilə.
2.

Onda belə bir sual yaranır: Bəs, onda şeytanın insanları azdırmasını necə anlayaq, yozaq?!!! Sualın cavabında belə deyə bilərik: Azdırma prosesi, əslində, şeytan tərəfindən adama heç bir təzyiq, zor tətbiq olunmadan həyata keçir, ancaq necə? Deməli, şeytan əslində günah, pislik kataloqunu adamın qarşısına qoyur və deyir ki, bunlar var məndə. Hanısnı istəsən, seçə bilərsən! Şeytan sadəcə olaraq kataloqdakıları bizə göstərir, vəssəlam. Seçənsə biz adamlarıq heç bir təzyiq olmadan və tam özgür bir iradə ilə. “Şeytan adama vəsvəsə edir” deyimini də, məhz bu mənada, fonda anlamaq gərəkir.
3.

NƏTİCƏ: Yuxarıda deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, həm əqli, həm də dini baxımdan günahı görən, suç işləyən insanın özüdür, ancaq bu suç, günah o zaman məna kəsb edir ki, ortada bir seçim azadlığı olsun. Bu seçimi isə bizlər üçün yaradan, hazırlayan, göstərən məhz ŞEYTANdır. Şeytan bizi günaha, pisliyə məcbur etmir, zorlamır, sadəcə olaraq göstərir və seçimləri təqdim edir, biz isə öz azad iradəmizlə kataloqdakəlardan birini və ya bir neçəsini seçirik, qəbul edirik. Ancaq etməyə də, seçməyə də bilərik. Bu, tamamilə bizim istəyimizə, iradəmizə bağlıdır.

 

Oxşar yazılar
Quran – yeganə dini bilik qaynağı
Dini biliklərin anlaşılmasında Quranın rolu
Allaha isnad edilməsində zorlandığımız anlayışlar
Ağıl, düşünmə və mesaj: Zumər/ 18