Sübutun dəyəri özünə görədir.

“Sübut”un dəyəri, qiyməti öz mahiyyətindən (içözü), zatından qaynaqlanır. Kimsə və ya nəsə qıraqdan onun dəyərini nə azalda, nə də artıra bilər. İmam Əlidən belə bir deyim var: “Deyən”ə yox, “deyilən”ə bax”. Bu deyim bizə fəlsəfi bir gerçəyi anladır. Bu fəlsəfi ideyanı necə isbatlaya bilərik? Kimsə qayıdıb, bizim bu müddəamızı (Sübutun dəyəri öz mahiyyətindən qaynaqlanır) danarsa, ona nə kimi cavab verə bilərik? Fərz edək, birisi “deyən”ın şəxsiyyətinin də “deyilən”in (sübut) dəyərində payı olduğunu düşünür. Bu fikiri fəlsəfi olaraq necə rədd edə bilərik?

Məncə, belə bir fəlsəfi yolla bu fikiri dağıda bilərik. Gəlin, irad bildirənin düşüncəsini təhlil edək. O deyir: “Deyən”in şəxsiyyəti “deyilən”in dəyərinə təsir, etgi göstərir. Diqqət edək, onun bu səsləndirdiyi fikir də əslində bir müddəadır. Müddəadırsa, onda isbatlanmalıdır. İsbatlanmalıdırsa da, “sübut”a ehtiyac duyulacaq. Əks təqdirdə, bu fikirin qiyməti olmaz. Burada soruşuruq: Bu fikirin lehinə gətirilən “sübut”un dəyəri öz mahiyyətindən qaynaqlanır, yoxsa qıraqdan (“deyən”in şəxsiyyəti) ona əlavə edilir? Əgər bu dəyər sübutun öz mahiyyətindən irəli gələrsə, onda müddəamız isbatlanmış olacaq, yəni “sübut”un dəyəri öz zatından qaynaqlanır. Yox, əgər bu dəyər qıraqdandırsa, o zaman başladığımız nöqtəyə geri dönəcəyik. Bu durumda nə baş verər? Başladığımız nöqtəyə geri dönsək, nə problem yaranar? Kəlmələrə qənaət olsun deyə, gəlin, simvoldan istifadə edək, belə ki, “sübut”a “X” simvolu ilə, iradı bildirənin müddəasına isə “P” simvolu ilə işarə edək.

Bu əsasla deyirik: Əgər “X” dəyərqazanmada “P”dən asılı olarsa, “P” də isbatlanmada “X”dən asılı olarsa, bu zaman dairə problemi yaranacaq. Yəni, “X” “P”dən, “P” də “X”dən asılı olacaq. Bu isə o deməkdir ki, “X”-in dəyəri həm özündəndir, həm də özündən deyil. “P” də öz bövbəsində həm dəyər qazandırır, həm də dəyər qazandırmır. Nədən belə bir dolaşıq durum yaranır, yəni ziddiyyətli, paradoksal bir durum? Səbəbi aydındır, çünki “X”-in dəyəri özündən olmalıdır ki, “P”-ni isbatlaya bilsin, eyni zamanda, “X”-in dəyəri özündən olmalı deyil ki, “P” ona bu dəyəri verə bilsin. “P”də də eyni durumla qarşılaşırıq. Yəni, “P” “X”-ə dəyər qazandırmalıdır, çünki “X” ondan asılıdır, eyni zamanda “P” “X”-ə dəyər zamandırmamalıdır, ona görə ki, özü “X”dən asılıdır. Bu dolaşıq durum eynilə, açarı içərisində qalan sandığa bənzəyir. Belə ki, sandığın açılması açardan, açarın da çölə çıxması sandığın açılasından asılıdır. İndi, burada da “X” “P”dən, “P” də “X”dən asılıdır. Bəs çıxış yolu nədədir? “X”dədir, yoxsa “P”də? Sən necə düşünürsən? Mümkündür, çıxış yolunun heç birində olduğunu söyləyəsən. Bəli, bunu söyləyə bilərsən, ancaq unudursan ki, bu söylədiyin də – özü bir müddəadır. Müddəadırsa isbatlanmalıdır. İsbatlanmalıdırsa da “sübut”a ehtiyac duymalıdır və s. irəlidə anlatdıqlarımızın davamı. Görürsən ki, yenə “P” və “X”-in üstünə qayıdırıq. Zənnimcə, sağlam düşüncəli hər bir adam çıxış yolunu “X”də görəcək. Deməli, “sübut”un dəyəri öz mahiyyətindən qaynaqlanır.

Oxşar yazılar
Ruhun cinsiyyəti varmı?
Səbəb nədir, nəticə nədir?
Çağdaş fəlsəfənin düyünaçması və düyüngöstərməsi
Təkqaynaqlı olma, yoxsa ilk özünü inkar etməli olacaqsan (Etüd)