Təkqaynaqlı olma, yoxsa ilk özünü inkar etməli olacaqsan (Etüd)

1. Düşüncə dünyasında bir xəstəlik var, ona “təkqaynaqlılıq” deyilir. Bəziləri biliyin yeganə qaynağını hissdə, bəziləri ağılda, bəziləri vəhydə, bəziləri intuisiyada görür. Bu kimi yanaşmaların ən sadə iradı ondadır ki, ilk olaraq özlərini təkzib edirlər, məhv edirlər (self-defeating). Məsələn:

-Hissi biliyin yeganə qaynağı hesab edənlər hissi dəlilə əsaslanaraq “Hiss- biliyin yeganə qaynağıdır”- müddəasını isbatlaya biliblərmi?

– Ağılı yeganə bilik qaynağı olduğunu düşünənlər “Ağıl- biliyin yeganə qaynağıdır”- müddəasının lehinə əqli dəlil gətirə biliblərmi?

– Vəhyi yeganə bilik qaynağı kimi qələmə verənlər hansı vəhy mesajı ilə “Vəhy- biliyin yeganə qaynağıdır”- müddəasını əsaslandıra biliblər?

və s.

2. Qoy, izah edim, insan təkcqaynaqlı olanda niyə ilk özünü inkar edir. Bax, açıqlaması çox sadədir: Məsələn, hissi biliyin yegan qaynağı hesab edən bir adam öz müddəasını hisslə isbat edə bilmədiyinə görə, bu zaman öz müddəasından əl çəkməli olacaq ki, bu da öz varlığını inkar etmək deməkdir. Yəni bu adam “Hiss- yeganə bilik qaynağıdır” – deməklə ilk özünü inkar edir, ona görə ki, öz müddəasını hisslə isbatlaya bilmir, halbuki hissi yeganə bilik qaynağı hesab edir. Bəs, necə yeganə bilik qaynağıdır ki, ən fundamental müddəanı – hansı ki, öz mahiyyəti ondan asılıdır- isbatlaya bilmir. Deməli, aydın olur ki, “hiss” yeganə bilik qaynağı deyil. Habelə, bu şəkildə yuxarıdakı iddiaları da eyni şəkildə batil etmək mümkündür.

3. Nəticələr

a) Hissi biliyin yeganə qaynağı hesab edən pozitivistlər, empiriklər, materialistlər, sientistlər yanılırlar öz iddialarında.

b) Vəhyi yeganə bilik qaynağı kimi qələmə verən əxbarilər, literalistlər, tekstualistlər səhv yoldadırlar.

c) Ağılı biliyin yeganə qaynağı olduğunu irəli sürən maarifçilər, rasionalistlər düz iddia ilə çıxış etmirlər.

d) İntuisiyanı (mənəvi təcrübə, qəlbi müşahidə, mükaşifə) yeganə bilik qaynağı olduğu qənaətində olan ariflər, süfilər yanılırlar.

4. Çıxış yolu

Problemin çıxış yolu ondan ibarətdir ki, inan bir neçə qaynaqlı olmalıdır. Burada insanlar bir neçə qrupa bölünür:

1. Bəziləri hissdən əlavə, ağılı da bilik qaynağı kimi qəbul edir (=ikiqaynaqlılıq).

2. Bəziləri həm hissi, həm ağılı, həm də intuisiyanı bilik qaynağı kimi qəbul edir (=üçqaynaqlılıq).

3. Bəziləri isə həm hissi, həm ağılı, həm intuisiyanı, həm də vəhyi bilik qaynağı kimi qəbul edir (=dördqaynaqlılıq).

Üçüncü qrupun ardıcılları müəyyən dəlillərə istinadən iddia edirlər ki, insan əvvəl ağılı bilik qaynağı kimi qəbul edir, sonra onun yardımı ilə hissin mötəbər bilik qaynağı olduğunu doğrulayır, sonra isə intuisiyanı və nəhayət, silsilənin sonunda isə vəhyi bilik qaynağı olaraq isbatlayır. Bütün bu isbatlama prosesi məhz ağıl əsasında həyata keçir.

Oxşar yazılar
Dostluq üzərinə fəlsəfə
Bir nihilist düşüncəyə cavab
Dünyagörüşü və ideologiya: Bilik, hədəf və proqram
Yuxu, yəni qurtuluş