Təkvini və təşrii iradə barədə

Bəzən dini ədəbiyyatlarda “təkvini” və “təşrii” irədə terminləri ilə qarşılaşırıq. Çoxlarına bu iki terminlə nəyin qəsd olunduğu qapalı olduğunu nəzərə alıb qısa şəkildə açıqlama vermək istərdim.

İnsan hər hansı bir şeyi həyata keçirmək istədikdə bunu iki yolla edə bilər. Belə ki, bəzən kiməsə müraciət etmədən birbaşa olaraq özü istədiyi həmin şeyi həyata keçirir. Məsələn, fərz edək, qapını açmaq istəyir. Bu zaman durub gedir və qapını açır. Bəzən də insan həmin istədiyi şeyi həyata keçirmək üçün ikinci şəxsə “Qapını aç”- deyə müraciət edir. Deyilənlərdən aşağıdakılar məlum olur:

1. İnsan istədiyini özü birbaşa həyata keçirmək istədikdə bu iradəyə “təkvini iradə (=yaradıcı iradə)”, başqasına müraciət edərək həmin şeyi həyata keçirmək istədikdə isə bu iradəyə “təşrii iradə (=qanunverici iradə) deyilir.

2. Təkvini iradədə iki tərəf olur: subyekt (=iradə edən), obyekt (=iradə edilən). Təşrii iradədə isə üç tərəf olur: subyekt, obyekt və bu ikisi arasında vasitə rolunu oynayan ikinci subyekt. Başqa sözlə desək, təkvini iradədə iradə edənlə iradə edilənin həyata keçməsi arasında hər hansı başqa bir kimsənin iradəsi fasilə salmır, amma təşrii iradədə iradə edənlə iradə edilənin həyata keçməsi arasında ikinci şəxsin iradəsi fasilə salır. Mən qapını açmaq istədikdə, durub özüm qapını açıram. Burada “iradə edən” mənəm, “iradə edilən”sə qapının açılmasıdır. Lakin qapının açılmasını ikinci yolla həyata keçirmək istədikdə, ikinci şəxsə “Qapını aç”- deyə müraciət edirəm. Burada aydın olduğu kimi, “iradə edən” mənəm, “iradə edilən” qapının açılması və bu ikisi arasında, yəni mənlə qapının açılması arasında vasitə rolunu oynayansa ikinci şəxsin iradəsidir. Bu o deməkdir ki, qapının açılmasında bu şəxsin iradəsi rol oynayır, belə sözümə qulaq assa, gedib qapını açacaq, yox, əgər qulas asmayıb isyan etsə, qapını açmayacaq.

3. Təkvini iradədə subyekt həyata keçirmək istədiyini həyata keçirəndə bu, mütləq baş verir. Məsələn, qapını açmaq istəyirəm və gedib onu açıram və bu hadisə mütləq baş verir. Yəni bu növ iradədə istəyim qətiləşdisə, onu həyata keçirirəm. Amma təşrii iradə belə deyil. Yəni bu növ iradədə istəyim mütləq həyata keçmir, yəni həyata keçə də bilər, keçməyə də bilər. Çünki ortada mənimlə iradə edilən arasında başqasının iradəsi fasilə salır. Bu o deməkdir ki, həmin kəs iradə ediləni həyata keçirsə, bu zaman mənim istəyim həyata keçəcək. Yox, əgər iradə ediləni həyata keçirmək istəməsə, bu zaman istəyim həyata keçməyəcək.

4. Yuxarıda deyilənləri Allahın iradəsinə tətbiq edəsi olsaq, deyə bilərik:

a) Allah yaradılışla bağlı olan iradəsi təkvini iradədir. Məsələn, insan yaratmaq istəyəndə, bunu mütləq həyata keçirir və ya kiminsə duasını qəbul etmək istəyəndə bunu mütləq edir. Daha kimsənin Onunla iradə edilən nəsnənin (insanın yaradılması və dua edənin istəyinin baş verməsi) arasına girmə haqqı çatmır. Yəni Allah iradə edən kimi onu mütləq həyata keçirir. Odur ki, kimsə və ya nəsə Allahın təkvini iradəsinin həyata keçməsinin qarşısını ala bilməz. Bu isə o deməkdir ki, Allahın irada etməsi ilə iradə edilənin həyata keçməsi eyni şeydir. Bir sözlə, təkvini iradənin mahiyyəti zəruriliyi tələb edir.

b) Allahın din vasitəsilə insanlara ünvanladığı bütün buyuruqlar (əmr və yasaqlar) təşrii iradə hesab olunur. Bu mənada, məsələn, Allah insandan Ona ibadət etməsini istəyir. Burada iradə edən Allahdır, iradə edilən ibadətin edilməsi, Allahla ibadətin edilməsi arasında vasitə rolunu oynayan isə insandır. Bu mənada, insan əgər Allahın buyuruğuna tabe olub ibadət edərsə, bu zaman Allahın iradəsi həyata keçmiş olar. Yox, əgər Allaha üsyan edərək Onun buyuruğundan boyun qaçırıb ibadətdən yayınarsa, bu zaman Allahın iradəsi (=ibadətin edilməsi, başa sözlə, ibadətin həyata keçməsi) həyata keçməz. Beləliklə, Allahın insandan Ona ibadət etməsini istəməsi Onun bu təşrii iradəsinin mütləq həyata keçməsi anlamına gəlmir. Bu iradənin mahiyyəti zəruri yox, mümkündür, bu mənada ki, insan onu həyata keçirmək istəsə, həyata keçəcək. Yox, əgər imtina edib həyata keçirməsə, bu zaman həyata keçməyəcək. Deyilənlərdən aydın oldu ki, Allahın əmr və yasaqlarla bağlı iradəsi təkvini yox, təşrii iradədir.

 

Oxşar yazılar
Dini anlamada ən primitiv qayda
İki cür şəriət: vəhy şəriəti və ağıl şəriəti
İnsan dindar olmaya bilərmi? (Etüd)
Üç fərqli İslam modeli