Tərcümə tənqidi ənənəsinə dair qeydlərim

1. Dostlar, zənnimcə, Azərbaycan ədəbiyyatında yeri boş olan gözəl ənənələrdən biri də “tərcümə tənqidi” ənənəsidir. Müxtəlif sahələrə dair Rus, İngilis, Alman, Fransız, Ərəb, Fars və s. dillərdən ana dilimizə tərcümə edilən kitabların tərcümə keyfiyyətinin doğruluq və yanlışlıq baxımından dəyərləndirilməsinə hava-su kimi ehtiyac var. Xoşbəxtlikdən, bir çox ölkələrdə bu ənənə aktivdir, həm tərcüməçilər, həm də nəşriyyatlar bu kimi addımları alqışlayaraq təqdirəlayiq hesab edirlər. Hətta bu sahəyə dair kitablar, jurnallar və fərdi məqalələr yayımlanır. Əslində, bu kimi tərcümə tənqidləri ilə tərcüməçilərə və nəşriyyata yardım edilmiş olur. Ancaq ölkəmizdə ciddi bir problem var bu ənənənin formalaşması qarşısında: tərcüməçilər bu kimi tənqidləri yanlış yoza və anlaya bilərlər, belə ki, tənqidçiləri paxıllıqda və ya düşmənçilikdə ittiham edə bilərlər. Bu cür yanaşma isə sadəcə olaraq biabırçılıqdır! Tərcüməçilər durub “Çox sağ ol!” – demək əvəzinə bu kimi biabırçı ittihamlara əl atması əxlaqi baxımdan heç bir şəkildə qəbul edilə bilməz. Sağlam, səmimi və ciddi tənqid müqəddəs bir işdir, məqsədi isə sadəcə olaraq elmin tərəqqisinə yardım etməkdir. Əlqərəz, imkan olduqca əlimdən gəldiyi qədər, tərcümə tənqidi ənənəsini formalaşdırmaq qərarına gəlmişəm, təbii ki, ixtisasım olan sahələrə dair kitabların tərcümələrində. Bu sahədə bacarığı olan hər bir kəs Azərbaycan elmi irsinin inkişafına öz dəstəyini əsirgəməməlidir. Bu, fərdi yox, ictimai bir məsuliyyətdir, səriştəsi olanlar Azərbaycan ədəbiyyatına, ana dilimizə bu dəstəyi verməlidirlər.

2. Adım kimi əminəm ki, ölkədə tərcümə tənqidi ənənəsinin formalaşması bir çox tərcüməçi və müəllifləri narahat edəcək, hətta tərcümə etdikləri kitablar oxucular tərəfindən oxunmaya da bilər. Bütün bunlar təbiidir. Ancaq həqiqət, dil və ədəbiyyat onların tərcümələrindən dəfələrlə daha önəmlidir.

3. Bir cəmiyyətdə ki, tərcümə tənqidi ənənəsi yoxdur, orada keyfiyyətsiz və səhv tərcümələr günü-gündən artacaq. Nəticədə, həm oxucuya, həm də kitabı tərcümə edilən müəllifə zülm ediləcək.

4. Hər bir oxucunun mənəvi hüququ çatır ki, oxuduğu tərcümənin doğru və yaxud yanlış olmasına əmin olsun. Odur ki, tərcümə tənqidi ənənəsi əslində oxucu hüququnun yenidən bərpası hesab olunur.

5. Tərcümə tənqidi ənənəsi nə üçün formalaşmalıdır? Zənnimcə, aşağıda sadalayacağım səbəblər suala cavab ola bilər:

1) Başqa tərcüməçilərə ibrət olur;

2) Tərcüməçilərin ictimai məsuliyyətini artırır;

3) Tərcümə işinə təzəcə başlayanlar üçün təcrübə hesab olunur;

4) Tərcümə işində səriştəsi olmayanlar sıradan çıxır;

5) Ədəbiyyat və dilin inkişaf etməsinə gətirib çıxardır;

6) Ciddi mövzularda bəzən orijinala müraciətin vacibliyini başa salır insanlara;

7) Tərcümənin keyfiyyətsiz olduğu bilinəndən sonar həm nəşriyyatın, həm də oxucunun maliyyə baxımdan zərərə düşməsinin qarşısı alınır.

Və s.

6.Hər bir tərcümənin tənqidi bir o qədər də vacib deyil. Bir cəmiyyətdə tərcümə tənqidi ənənəsinin formalaşa bilməsi üçün prioritet olaraq ciddi və fundamental düşüncə aşılayan tərcümələrdən başlamaq lazımdır. Elmi, fəlsəfi və dini tərcümələri bu qəbildən hesab etmək olar.

7. “Tərcümə tənqidi nədir?” – sualına qısa və konkret şəkildə cavab vermək istəsək deyə bilərik ki, tərcümə tənqidi tərcümə edilən bir mətni keyfiyyət baxımından dəyərləndirmək deməkdir. Dəyərləndirmə prosesində isə tərcümə olunan mətnin yanlış və ya doğru olması, müəllifin niyyətininin olduğu kimi çatdırılıb-çatdırılmaması, çatdırılıbsa da, şəffaf və ya qapalı şəkildə ifadə olunub-olunmaması, tərcümədə ixtisar, təhrif və əlavələrin olub-olmaması və s. bu kimi nəsnələr aydınlaşdırılır.

8. Tərcümə tənqidi ənənəsinin formalaşması qarşısında ən böyük maneə ittiham maneəsidir. Belə ki, hansısa bir tərcüməni tənqid edən birisi düşmənçilik, qərəzlilik, paxıllıq, oxucuları tərcümədən yayındırma və s. bu kimi şeylərdə ittiham edilə bilər. Kim bu niyyətlə çıxış edərək hansısa tərcüməni tənqid edərsə, düzdür, əxlaqi baxımdan pis iş görmüş olar, ancaq, zənnimcə, belə bir addım tənqidin yanlış olmasını deyil, onun niyyətinin yanlış olmasını göstərə bilər. Tənqidin dəyəri tənqid edənin niyyətindən asılı deyil, əksinə, onu əsaslandığı dəlillər əsasında müstəqil olaraq dəyərləndirmək lazımdır. Deməli, tənqidçinin niyyətinin yanlış olduğunu göstərməklə heç bir zaman onun tərcüməyə dair qeyd etdiyi tənqidlərin yanlış olması nəticəsini almaq olmaz. Əks təqdirdə, sofistikaya yol verilmiş olar.

9. Tərcümə tənqidində daim diqqət mərkəzində olması gərəkən iki əsas element:

Tərcümədə hansısa bir səhvin olub-olmaması;

Tərcümədə qısaltma və ya artırma olmaqla təhrifə yol verilib-verilməməsi.

İzah: Tərcümədə səhvin baş verməsi bir neçə cür təsəvvür edilə bilər. Belə ki, bəzən tərcüməçi hansısa bir sözü, ya ifadəni və yaxud termini düzgün tərcümə etmir, bəzən də cümlə quruluşunu qrammatik baxımdan düzgün təhlil edə bilmədiyindən yanlış bir strukturla cümləni tərcümə edir ki, bu da müəllifin niyyətini olduğu kimi ifadə edə bilmir. Tərcümədə təhrifə gəlincə, bu, iki cür baş verə bilər: ya tərcüməçi hansısa bir cümləni və ya cümlələri başa düşmədiyi üçün və yaxud çətin olduğu üçün onu tərcümə etmir, ya da tərcümə edərkən müəllifin düşüncəsi olmayan düşüncələri özündən əlavə edir mətnə. Düzdür, cümlənin aydın, şəffaf olması üçün bir-iki söz əlavə etmək olar mətnə, ancaq düşüncə əlavəsi heç bir şəkildə məqbul sayıla bilməz.

10. Tərcümə tənqidi ənənəsi fərdi deyil, ictimai bir ənənədir. Zatən, hər bir redaktor hansısa tərcüməni yoxlayarkən, əslində, onu tənqid etmiş olur. Fərdi “tərcümə tənqidi” ənənəsi hər bir cəmiyyətdə var. Ancaq bu, məlum olduğu kimi, bir o qədər də effektiv deyil. Elm, dil və ədəbiyyatı inkişaf etdirən məhz ictimai “tərcümə tənqidi” ənənəsidir. Odur ki, fərdi tərcümə tənqidi ilə yanaşı ictimai tərcümə tənqidi də formalaşmalı və inkişaf etdirilməlidir. Odur ki, səriştəsi olan hər bir elmsevər, dilsevər, ədəbiyyatsevər insan bu sahədə əlindən gələni əsirgəməməlidir.