“TƏVƏSSÜL”- tövhidmərkəzli bir mədəniyyət kimi

1.

Bu qısa yazımda Qurani-Kərim nöqteyi-nəzərindən təvəssül mədəniyyətinə aydınlıq gətirməyə çalışacam. Quranda təvəssülün icazəli olmasına dair qeyd olunan möhkəm dəlillərdən biri Nisa surəsinin 64-cü ayəsidir. Adətim üzrə, həssas mövzulara aid olan ayələri qeyd edərkən onların hərfi tərcüməsinin verilməsini tərcih edirəm. Səbəbi isə aydındır, çünki ədəbi tərcümələrdə adətən orijinal mətnə əlavələr də olunur. Qeyd olunan ayənin hərfi tərcüməsi isə belədir: “Əgər onlar -özlərinə zülm edən zaman- sənin yanına gəlsəydilər, sonra ALLAHdan bağışlanmaq istəsəydilər və Peyğəmbər onlar üçün bağışlanmaq diləsəydi, ALLAHı tövbələri çox qəbul edən, mərhəmətli görərdilər.”
Ayəyə diqqət etdikdə tövhidmərkəzlilik aydın şəkildə nəzərə çarpır. Belə ki, ayədə onlara əvvəldə Allahdan bağışlanma diləmələri, ortada peyğənbərin onlar üçün əfv diləmələrini, sonda isə ilahi rəhmətin onların həyatlarında təzahür edəcəyi qeyd olunur. Deməli, əvvəl ALLAH, sonra isə Peyğəmbər gəlir. Ayənin sonunda yenə də bildirir ki, belə etsələr, Allahın tövbəqəbuledən və rəhimli olduğunu bilərlər. Ayədən aydın göründüyü kimi, təvəssül mədəniyyətində riayət edilməsi gərəkən şey tövhidlə başlayıb tövhidlə sonlandırmaqdır. Bu ortada isə VASİTƏyə- Peyğənbərə sarılmaq gərəkdir. Bu əsasla, Quran təvəssülü icazəli hesab edir, amma tövhid işığında…

2.

Maidə surəsinin 35-ci ayəsində də eyni prinsipə riayət dilir- tövhidmərkəzlilik prinsipinə… Bu Quran ayəsi təvəssülü dini bir ayin kimi icazəli esab edən ana ayədir. Ayənin hərfi tərcüməsinə gəlincə, o belədir: “Ey o kəslər ki, iman gətirdilər, ALLAHdan qorxun və Ona VASİTƏ axtarın və Onun yolunda cəhd edin, ola bilsin ki, nicat tapasınız! Ayədən göründüyü kimi, əvvəl ALLAH, ortada təvəssül, sonda yenə də ALLAH qeyd olunur. Bu isə tövhidmərkəzlilik deməkdir.

3.

Ayənin incə bir mesajı da var: Təvəssül etməzdən əvvəl, insan iki mərhələni qət etməlidir ki, təvəssül edə bilmək üçün hazırlıq əldə etsin: İman dərəcəsi və təqva dərəcəsi. Bu iki mərhələdən sonra təvəssülə qədəm qoya bilər. Təvəssül etdikdən sonra, yenə də tövhidə sarılmalı və vasitəsinin ona edəcəyi duanın həyata keçməsi üçün tövhidin tələblərinə, yəni Allahın buyurduqları çərçivədə hərəkət etməlidir. Aydındır ki, kimsə təvəsül etsə, sonra da günahla məşğul olsa, onda bu günah əslində onun təvəssüldə istədiyi istəyin həyata keçməsinə maneə olacaqdır. Elə buna görə də Quran insanı təvəssüldən sonra yenə də tövhidin tələblərinə qarşı hansısa bir iş görməməyə çağırır. Çünki Qurana görə, əməllərin qəbul olma şərti yalnız “TƏQVA” prinsipidir: Allah yalnız təqvalılardan qəbul edər (Maidə: 27).
Deməli, mərkəz tövhid, ərtaf isə təvəssül olmalıdır. Bu əsasla, mərkəzdən uzaqlaşdığımız qədər təvəssülümüz də öz effetini itirəcəkdir.

Oxşar yazılar
Dinin xarici və daxili hissələri
Modern ilahiyyat üzərinə bəzi qeydlər
Din tədqiqatının metodologiyası
İki cür şəriət: vəhy şəriəti və ağıl şəriəti