Tövhidin dərəcələri

İnsan üçün ən əsaslı, fundamental məsələlərdən biri Allahın varlığına inanmaqdır. Allaha etiqad bəsləmək və ya bəsləməmək insan həyatında olduqca mühüm bir rol oynayır. Belə ki, əgər insan hansısa bir dəlil əsasında Allahın varlığına inanarsa, bu, onun bütün hərəkət, davranış və əməllərində özünü əks etdirəcəkdir. Bunun əksi də doğrudur, yəni Allaha inanmayan kəsin də davranış və hərəkətləri xüsusi bir rənglə boyanacaqdır.

1.

Tövhid təməli üzərində qurulan həyat tərzi ilə onun üzərində qurulmayan həyat tərzi arasındakı fərq tamamilə diri ilə ölu arasındakı fərqə bənzəyir. Tövhid qəhramanı hz. Əli (ə) bu həqiqətə işarə edərək belə buyurur: “Tövhid ruhun həyatıdır”.

Rənglər öz aralarında dərəcələrə bölündüyü kimi, tövhid də dərəcələrə bölünür. Məntiqi dillə ifadə etsək, rəng “təşkik (dərəcəlilik)” kateqoriyasına daxil olduğu kimi, tövhid də bu kateqoriyaya daxildir. Məsələn, “ağ” rəngi xarici aləmdə əşyalara, nəsnələrə eyni dərəcədə şamil olmur. Belə ki, bəzi əşyalar xaricdə ağ, bəziləri daha ağ, bəziləri isə daha da ağ olur. Ağ rəngi sonda elə bir dərəcəyə çatır ki, ondan daha yüksək bir ağlıq təsəvvür etmək belə mümkün olmur. Tövhid də eyni ilə ağ rəngi kimi dərəcələrə bölünür. Bu məanda, tövhidi aşağıdakı dərəcələrə ayıra bilərik:

  1. Sözdə tövhid;
  2. Təsdiqdə tövhid;
  3. Yəqində tövhid;
  4. Kəşfdə tövhid.

2.

“Sözdə tövhid” dedikdə, təkcə zahiri dildə tövhidi qəbul etmək nəzərdə tutulur. Bu dərəcə yalnız münafiq və tövhidi məcburiyyət qarşısında zahirən qəbul edən adamlara aid olur. Tövhidin bu dərəcəsi onları yalnız bu dünyada qoruyaraq, İslam şəriəti nöqteyi-nəzərindən onlar üçün can, mal, namus və ləyaqət toxunulmazlığını təmin edir. Əslində, deyilən bu dərəcəni tövhidin dərəcələrindən biri kimi saymaq məcazi olardı, çünki əslində, bu dərəcə sahibləri tövhidi inkar edənlərin sırasına daxildir və həqiqətən, tövhidi qəlbən, içdən qəbul etmirlər. Sadəcə olaraq, dilləri ilə tövhidçi, tövhid ardıcılı olduqlarını iddia edirlər.

3.

“Təsdiqdə tövhid” dedikdə isə, hər hansı bir sübut və dəlillə tövhidə inanan, iman edən kəslər nəzərdə tutulur. Tövhidin bu dərəcəsini, divarın arxasından göyə yüksələn tüstü vasitəsi ilə divarın arxasındakı yanan odun varlığına inanan şəxsin sahib olduğu yəqinə bənzətmək olar. Əksər dindarların, inanclıların etiqad bəslədiyi tövhid bu dərəcədə yerləşir. Bu dərəcə dünyada onlar üçün şəriət nöqteyi-nəzərindın can, mal, namus və ləyaqət toxunulmazlığını təmin etdiyi kimi, tövhidin tələblərinə əməl etdikləri təqdirdə dünyadan köçsələr, axirətdə də ilahi əzabdan amanda qalacaqlar.

4.

İnsan “yəqində tövhid”ə nail olduqda, öz yəqini ilə Haqqın nurunu müşahidə edir. Məxluqatlara, yaradılışıara baxdıqda onları “çoxluq” şəkilində müşahidə etsələr də, onların varlıq aləminə qədəm qoymalarının səbəbini vahid varlıqdan, yəni Uca Tanrıdan bilirlər. Tövhidin bu dərəcəsini, divarın üzərinə çıxaraq, əyani şkildə, yanan odun özünü müşahidə etməklə onun varlığına inanan kəsin malik olduğu yəqinə bənzətmək olar. Tövhiddə belə bir dərəcəyə yüksələn şəxslərə “yəqin əhli” deyilir.

5.

Adam “kəşfdə tövhid”ə yetişdikdə isə, yaradılış aləmində yalnız vahid bir varlıq görməyə başlayır. Ona görə ki, tövhiddə fani olduğu, əridiyi üçün, yəni təkcə “vahid varlığı” müşahidə etdiyi üçün, artıq, özünü belə görmür. “Vahid”lə bütün yaradılışlardan, həttə özündən belə qafil, xəbərsiz olur. Bu zaman insan Onu məxluqatlarla müşahidə etmir ki, onları nəzərdən keçirməklə Yaradıcını kəşf etmiş olsun. Əksinə, məxluqatları Onunla müşahidə edir. Belə ki, Yaradıcıya baxaqla Onun məxluqunun olduğuna varır. Tövhiddə belə zirvəni, dərəcəni qət edənlərə “Şühud və fəna əhli” deyilir.

6.

Obrazlı ifadə etsək, yuxarıda qeyd olunan tövhidin dörd dərəcəsini eyni ilə qozdakı dörd hissəyə bənzətmək olar. Bildiyimiz kimi, qozun üstəki göy qabığında heç bir fayda olmur. Belə ki, dadı acı, görünüşü isə xoşagəlməzdir. Yandırılan zaman tüstüsü hər yüri bürüyər, yerə atılan zamansa hər yeri çirkləndirər. Ancaq buna rəğmən, qozun məğzini qoruyan altdakı möhkəm qabığı qoruyub saxlayır. “Sözdə tövhid” də münafiq adamın bədənini, qozun üstəki göy qabığının altdakı möhkəm qabığı qoruduğu kimi yalnız dünyada qoruyar, axirətdə isə heç bir dərdinə dəyməz.

Qozun altdakı möhkəm qabığının faydası məlumdur. Belə ki, o, qozun məğzini xarab olmaqdan qoruyaraq, onu dərilmə vaxtınacan saxlayar. Sonra isə ondan qoparaq yanacaq və bu kimi şeylərdə ondan istifadə olunar. Ancaq qozun məğzi ilə müqayisədə onun faydası azdır. Bu əsasla, “təsdiqdə tövhid” “yəqində tövhid”lə müqayisədə aşağı dərəcədə durur və natamam hesab olunur.

Qozun məğzi və məğzdən alınan yağın da faydası hamıya aydındır. Məğz öz-özlüyündə alt qabığa münasibətdə nəfis olmasına baxmayaraq, ondan (məğzdən) alınan dumduru, xalis, saf yağla müqayisədə çöküntü və qatışıqdan xali deyil.

Allaha yaxın olan bəndələrin etiqad bəslədiyi “yəqində tövhid” qozun məğzinə, təkcə Haqqı müşahidə etməklə “çoxluq” bataqlığından xilas olub vəhdət dəryasına dalan bəndələrin inandığı “kəşfdə tövhid” isə qozun məğzindən alınan saf və xalis yağa bənzəyir.

7.

Əhli-beyt imamlarının deyim və buyuruqlarında tövhidin bu yüksək zirvəsi “tövhiddə ixlas” kimi keçir. Nümunə olaraq burada imam Əlinin (ə) Nəhcülbəlağədəki xütbəsinin bir fraqmentini və imam Səccadın (ə) Səccadiyyə səhifəsindəki duanın bir hissəsini qeyd etmək istərdim: “Dinin əvvəli Allahı tanımaq, tanımağın kamalı onu təsdiqləmək, təsdiqləməyin kamalı onu yeganələşdirmək (=tövhid), yeganələşdirməyin kamalı onu xalisləşdirmək və xalisləşdirməyin kamalı isə sifətləri ondan inkar etməkdir”.

Hz. Əli (ə) bu sonuncu gözəl ifadəsi ilə tövhidin ən yüksək zirvəsini insanlar üçün şərh etmişdir.

İmam Səccad (ə) isə belə buyurur: “Bütün həmd və sənalar Allaha məxsusdur. Çünki O, özünü bizə tanıtdırmış, öz şükrünü bizə ilham etmiş, öz rəbbliyinə olan elm qapılarını bizim üzümüzə açmış və bizi öz tövhidində ixlasa (yəni, xalisləşdirməyə) yönəltmişdir”.

8.

Ariflər də öz nöbəsində nəzəri-irfani tədqiqatlarında tövhidin yüksək zirvəsindən bəhs ediblər. Onlar Allaha dogru gedən yolu dörd ilahi səfərə ayıraraq, birinci səfəri “məxluqdan Haqqa doğru getmək” səfəri sayıb, onun üçün doqquz mərhələ qeyd ediblər. Birinci üç mərhələ səfərin başlanğıcı, ikinci üç mərhələ başlanğıcdan sona keçmək və sonuncu üç mərhələ isə məqsədə çatmaqdan ibarətdir.

İbn Sina “İşarələr və qeydlər” adlı fəlsəfi əsərinin ariflərin məqamları bölməsində yuxarıda qeyd etdiyimiz birinci ilahi səfərin doqquz mərhələsini üç dərəcəyə bölərək, hər bir dərəcəni üç mərtəbədən ibarət bilmişdir. İbn Sinanın təsnifatında üçüncü dərəcənin ikinci mərtəbəsi adlanan “Tərəddüd” tövhidin üçünçü dərəcəsi sayılan “Yəqində tövhid”ə, üçüncü dərəcənin üçüncü mərtəbəsi adlanan “Vüsul(nail olmaq)” isə tövhidin dördüncü dərəcəsi sayılan “Kəşfdə tövhid”ə işarədir.

Oxşar yazılar
İbn Ərəbiyə görə vəhdəti-vücud