Üç fərqli İslam modeli

1. İslam düşüncə tarixinə nəzər saldıqda, “İslam”ın bir neçə modeli ilə tanış oluruq. Bu modelləri aşağıdakı şəkildə formulə edə bilərik:

1- Quran+sünnə=İslam
2- Quran+sünnə+ağıl=İslam
3- Sünnə+sünnə=İslam
Birinci modeli mühafizəkarlar, ikinci modeli islahatçılar və üçüncü modeli isə əxbarilər müdafiə edirlər.

2. Mühafizəkarlar hesab edirlər ki, dini bilik o zaman əldə edilir ki, Quran və sünnədəki ilahi mesajları bir-biri ilə toplayıb yekun bir nəticə çıxara bilək. Bu isə o deməkdir ki, nə təkcə Quran bilgiləri ilə İslamı təmsil etmək olar, nə də təkcə sünnə bilgiləri ilə. Gərək hər iki növ bilgidən istifadə edib yekun dini bilik formalaşdırılmalıdır. Deməli, bu modeldə İslamı o zaman dərk edə bilərik ki, həm Qurandakı, həm də sünnədəki bilgiləri bir-birinin kənarına qoyub təhlil edək. Məsələn, hər hansı bir məsələ ilə bağlı İslamın rəyini bilmək istəsək, həm Qurana müraciət etməliyik, həm də sünnəyə. Bu zaman hər iki bilgini toplayaraq yekun bir nəticə əldə etməliyik. Onu da qeyd edim ki, bəzi mühafizəkarlar var, ağılı bilik qaynağı kimi qəbul etsələr də, dini bilik istehsalı prosesində faktiki olaraq Quran və sünnəyə onun bilgilərini əlavə edib yekun nəticə almırlar.

3. İkinci modelin tərəfdarları Quran və sünnədən əlavə olaraq, ağıl adlı üçüncü bir dini bilik qaynağını da qəbul edirlər. Onlara görə, dini bilik o zaman formalaşa bilir ki, Quran və sünnəyə ağılın bilgi məhsullarını da əlavə edək, yəni Quran, sünnə və ağılı- hər üçünü birgə topladıqdan sonra yekun nəticə çıxaraq. Çağımızın ən boyük İslam mütəfəkkirlərdindən sayılan Cavadi Amuli bu modelin ardıcıllarındandır. O, “Dini bilik şəbəkəsində ağılın statusu” adlı öz məşhur əsərində bu modeli müdafiə edib əsaslandırmağa çalışmışdır. Deməli, bu modelə görə, dini bilik o zaman İslmanın əsl sözünü təmsil etmiş olur ki, ağılın bilgiləri də vəhy bilgilərinə (Quran və sünnə) əlavə olunaraq yükun nəticə alınsın. Qeyd etmək lazımdır ki, 2-ci modeli təklif edənlər ağılı təkcə fəlsəfi mənada deyil, əksinə, geniş bir mənada nəzərdə tutub ağılın dörd növ bilgi məhsulunu qəbul edirlər: təcrübi ağıl (təcrübi elmlərin bilgi məhsulları), yarıtəcrübi ağıl (riyaziyyat elmlərinin bilgi məhsulları), abstrakt ağıl (fəlsəfə və ilahiyyatın bilgi məhsulları) və intuitiv ağıl (nəzəri irfanın bilgi məhsulları). Bu isə o deməkdir ki, dini biliyin istehsal prosesində bütün empirik (təcrübi) və humanitar elmlərin bilgi məhsulları nəzərə alınmalıdır. Yəni, hər hansı bir şey və ya olayla bağlı İslamın görüşünü bilmək istəsək, həm vəhyə müraciət etməliyik, həm də eyni zamanda empirik və humanitar elmlərə. Əldə etdiyimiz bilgiləri topladıqdan sonra, hasil olan yekun nəticə İslamın rəyini təmsil etmiş olacaqdır.

4. Əxbarilərə gəlincə, məlum olduğu kimi, onlar dini biliyin istehsal prosesində nə ağıla bir bilik qaynağı kimi müraciət edirlər, nə də ciddi şəkildə Qurandan istifadə edirlər. Onlara görə, dini bilik təkcə sünnədən əldə edilməlidir. Kimsə Quran və ağıldan bilik qaynağı kimi yararlanıb dini bilik istehsal edə bilməz. Belə bir səlahiyyət təkcə məsumlara aiddir. Bu isə o deməkdir ki, İslamın mövqeyini bizə yalnız sünnə əks etdirir, vəssəlam. Başqa sözlə, əxbarilərə görə, Qurandakı bilgiləri biz sünnədən müstəqil şəkildə drk edə bilmərik, oradakı ilahi mesajları, bilgiləri yalnız sünnə vasitəsi ilə dərk edə bilərik. Yəni, sünnə hansısa bir ayəni bizim üçün şərh etmişsə, həmin şərh çərçivəsində o ayəsini anlaya bilərik. Əks təqdirdə, Qurandakı ayələri anlamaqda acizik. Bu isə o deməkdir ki, dini biliyi təkcə sünnə vasitəsi ilə kəşf edə bilərik.

Düzdür, əxbarilik axınında iki fərqli yanaşmanı bir-birindən ayırmalıyıq: klassik əxbarilik və modern əxbarilik. “Sünnə+sünnə=İslam” modelini təklif edənlər klassik əxbarilər deyil, əskinə, Məhəmmədəmin Əstərəbadinin formalaşdırdığı modern əxbarilik cərəyanının ardıcıllarıdır. Klassik əxbariliklə modern əxbarilik arasındakı nə kimi fərqlərin olduğuna gəlincə, bu, başqa bir yazıda araşdırılmalıdır.

5. Kimsə burada 4-cü modeldən də söz aça və “Quran+Quran=İslam” modelini təklif edə bilər. Ancaq deməliyəm ki, bu model İslam düşüncə tarixində uzaq köklərə dayanmır, sadəcə olaraq son əsrlərdə müasir İslam düşüncə tarixində Qurançılar tərəfindən yardılan bir modeldir. Bu model bütün İslam firqələri tərəfindən qəbul edilmir, sadəcə, bəzi sünni firqələrində bu modelin olduqca azlıq təşkil edən tərəfdarları var və qeyd olunduğu kimi, İslamın qədim keçmiçə dayanan tarixində belə bir model olmamışdır. Əlbəttə, bu model tərəfdarlarının sünnəyə münasibəti də fərqli şəkildədir. Bir mənalı münasibətdən söz açmaq mümkün deyil. Bu modeli qeyd etməkdə məqsədim ondan ibarətdir ki, Quran+Quran=İslam modelini İslam düşüncəsində şəkilləşən model kimi qələmə vermək olmaz.

6. Əfsuslar olsun, bu gün dünyada, o cümlədən, ölkəmizdə 2-ci modeli tətbiq edənlər azlıq təşkil edir. Nədənsə, son zamanlar 3-cü model tərəfdarları da yayılmağa başlayıblar. Zənnimcə, dini sahədə yaranan bir çox problemlərin kökünü 1-ci və 3-cü modeldə axtarmaq lazımdır. İnsan öz görüşlərində o zaman mötədilləşə bilər ki, həm daxili peyğəmbərə (ağıl), həm də xarici peyğəmbərə (vəhy gətirən) təslim olsun. Mötədil İslam bu olsa gərək!

Oxşar yazılar
Əbədi əzab problemi
İslamdaxili bölgülərin yaranma səbəbi barədə (Tərəfsiz yanaşma)
“TƏVƏSSÜL”- tövhidmərkəzli bir mədəniyyət kimi
İnsan dindar olmaya bilərmi? (Etüd)