Üç növ İslam

Bilinməsi önəmli olan bir mövzu barədə yazmaq istəyirəm. Elə bir mövzu ki, yalnış anlaşıldığı təqdirdə acı fəsadlarla sonuclana bilir. Bu gün İslamla bağlı bir çox problemlərin kökü məhz bu məsələyə gedib çıxır. İslama qarşı kiminsə bədbin olması, kiminsə bu dindən yayınması, kiminsə İslamı terrorda ittiham etməsi, kiminsə onu düzgün qavramaması və s. bu kimi problemlərı, zənnimcə, üç fərqli İslamı bir-birindən ayıra bilməməkdən irəli gəlir. Çıxış yolu təkcə üç fərqli İslamı bir-birindən ayırmaqdadır. Üç fərqli İslam nə deməkdir? Məgər İslam üç növdür? Bu necə mümkün ola bilər axı? Allah bir İslam göndəribsə, onda üç İslam anlayışı nə deməkdir? Bu çoxluq haradan qaynaqlanır?

1. Həqiqət, düşüncə və davranış anlayışları

Yuxarıda qeyd olunan sualları cavablandırmaq üçün üç anlayışı bir-birindən ayırmalıyıq: həqiqət, düşüncə və davranış. “Həqiqət” həmişə insan idrakının fövqündə dayanır, yəni onun varlığı bizim varlığımızdan, dərkimizdən asılı deyil. Bu isə o deməkdir ki, biz var olsaq da, olmasaq da, yəni dərk etsək də, etməsək də, həqiqət həmişə olub, var və olacaq. Biz sadəcə o həqiqəti anlaya, dərk edə və qavraya bilərik. Həqiqəti qavramaq “düşüncə” şəklində həyata keçir. Bizim düşüncələrimiz əslində həqiqət barədəki təsəvvürlərimizdir. Məsələn, mən hansısa bir nəsnə və ya olay barədə düşüncəyə sahibəmsə, bu, o deməkdir ki, mən həmin həqiqət barədə müəyyən bir təsvirə, dərkə malikəm. Bir sözlə, ondan məlumatlıyam. İnsan bir həqiqəti bildikdən, onun barəsində hansısa bir düşüncəyə sahib olduqdan sonra, həmin həqiqətin mahiyyətinə uyğun olaraq davranış sərgiləyə bilir. Məsələn, fərz edək, susuzuq və qarşımızda bir maye var. Hansısa bir yolla bilirik ki, bu maye sudur. Bu zaman nə kimi davranış sərgiləyəcəyik? Aydındır ki, susuzluğumuzu yatırmaq üçün onu içəcəyik. Deməli, içmək su adlı həqiqətin qarşısında sərgilədiyimiz bir davranışdır.

Qeyd etmək lazımdır ki, insan bəzən həqiqəti doğru şəkildə qavramaya bilər və nəticədə yanlış bir düşüncəyə sahib olub, səhv davranış sərgiləyə bilər. Bu, tamamilə normaldır. Demək, insan həmişə həqiqəti olduğu kimi anlamır. O  bəzən anlama prosesində səhvə də yol verə bilər ki, bu da həmin həqiqət qarşısında yanlış davranışa gətirib çıxaracaqdır. Çünki davranış insanın düşüncəsindən asılıdır, düşüncə yanlışdırsa, davranış da yanlış olacaq.

2. İslam həqiqət, düşüncə və davranış kimi

Yuxarıda qeyd olunanlara əsasən, İslamı da həqiqət, düşüncə və davranış şəklində nəzərdə tutmaq olar. Yəni İslamı bir həqiqət, bir düşüncə və davranış kimi nəzərdən keçirə bilərik. Biz burada şərti olaraq bu üç mərhələni “İslam bir” (İslam-həqiqət), “İslam iki” (İslam-düşüncə) və “İslam üç” (İslam-davranış) adlandırırıq. Əlbəttə, bu üçlü bölgü təkcə İslam dini ilə bağlı deyil, onu hər bir dinə, məsələn, xristianlıq və yə yəhudilik kimi səmavi dinlərə də tətbiq edib, “Xristianlıq bir”, “Xristianlıq iki” və “Xristianlıq üç”dən söz açmaq olar. İndi isə gəlin, bu üç fərqli İslamı izah edək.

 2.1. İslam bir

“İslam bir” dedikdə, İslam dini bir həqiqət kimi nəzərdə tutulur, elə bir həqiqət ki, varlığı bizim dərkimizdən asılı deyil. Bu həqiqət özünü biz insanlar üçün “müqəddəs mətnlər” şəklində təzahür etdirir. Başqa sözlə, İslam dini müqəddəs mətnlər şəklində bəşəriyyətə təqdim olunan həqiqətlər toplusudur. Müəddəs mətnləri formalaşdıran isə təkcə Allahın iradəsidir. Yəni Allah öz əzəli elmi, qüdrəti əsasında bu müqəddəs mətnləri insanlar üçün təyin edib göndərmişdir. Bəs, onda bu müqəddəs mətnlər nədən ibarətdir? Müqəddəs mətnlər Quran ayətləri və peyğəmbərin (ə) sünnəsini əks etdirən mötəbər hədislərdir. Deməli, “İslam bir” dedikdə, müsəlmanların müqəddəs mətnlər məcmusu, yəni Quran və mötəbər hədislər nəzərdə tutulur. Elə buradan aydın olur ki, din bir həqiqət kim iki ünsürü özündə ehtiva edir: müqəddəslik (sanctity) və avtoritetlik (authority). Bu da o deməkdir ki, dini mətnlər (Quran və mötəbər hədislər) həm müqəddəs, həm də nüfuzludur. Bu əsasla, insanlar onlara həm sayğı göstərməli,  həm də tabe olmalıdır.

2.2. İslam iki

“İslam iki” müsəlman alimlərinin 14 əsr boyunca dini mətnlər barədə təqdim etdiyi təfsirlər, izahlar, şərhlər (oxunuşlar, qiraətlər), dərklər və yozumların məcmusu deməkdir. Yəni biz “İslam bir” barəsində olan bu təfsirlərin, şərhlərin, oxunuşların, yozumların toplusunu “İslam iki” adlandırırıq. Burada İslamı bir həqiqət kimi deyil,  bir düşüncə kimi realizə edirik. Bu isə o deməkdir ki, “İslam bir”i, yəni müqəddəs mətnləri qavramaq “düşüncə” şəklində həyata keçir. Bizim düşüncələrimiz isə, əslində,  “İslam bir” barədəki təfsirlərimiz, şərhlərimiz, oxunuşlarımız və yozumlarımız deməkdir. Müsəlman alimlərinin (teoloqlar, əxlaq alimləri, fəqihlər, filosoflar və ariflər) tarix boyu İslamla bağlı qələmə aldıqları kitablar, əsərlər məhz onların “İslam bir” barədəki dərklərini əks etdirir. Buradan bizə aydın olur ki, “din” ilə “dini bilik” arasında fərq qoyulmalıdır. Deyildiyi kimi, din- müqəddəs mətnlər (Quran və mötəbər hədislər) şəklində bəşəriyyətə təqdim olunan həqiqətlər toplusudur, ancaq dini bilik- insanların o mətnlərdən dərk etdikləri, qavradıqları, anladıqlarıdır. Dini bilik zərurən həmişə dini əks etdirmir, bəzən əks etdirə, bəzənsə əks etdirməyə bilər. Odur ki, dinlə dini biliyi bir-birindən ayırmalılıyıq. Bunu etmədikdə, “dini bilik” adına, yəni “İslam iki” adına bizə təqdim olunan hər bir şeyi dinə, yəni “İslam bir”ə aid edəcəyik. Bu isə yalnışdır! Ona görə ki, yuxarıda dediyimiz kimi, həqiqət həmişə insan idrakının fövqündə dayanır, yəni onun varlığı bizim dərkimizdən asılı deyil. Biz sadəcə olaraq, o həqiqəti anlaya, dərk edə və qavraya bilərik. Ancaq bəzən həqiqəti doğru şəkildə, yəni olduğu kimi qavramamağımız mümkündür. Demək, insan həmişə həqiqəti olduğu kimi anlamır, bəzən anlama prosesində səhvə  yol verir.

Bir çox müsəlman alimlər, o cümlədən, böyük İslam mütəfəkkiri Cavadi Amuli “Dini bilik şəbəkəsində ağılın statusu” adlı əsərində “din”i “dini bilik”dən ayırmağın vacibliyini qeyd etmişdir. Bu məqamda əsaslı bir sual yaranır: Dini biliyin dini düzgün əks etdirməsini haradan bilmək olar? Necə təyin etmək olar ki, dini bilik eynilə dində olan həqiqəti bizə aşılayır?  Qısa və konkret olaraq sualı cavablandırmaq istəsək, deyə bilərik ki, bunu təyin etmək üçün yeganə yol “əsaslandırma” (justification) əməliyyatıdır. Yəni məzmun və forma baxımından qüsursuz olan sübut əsasında isbatlamalıyıq ki, dini bilik din ilə üst-üstə düşür və ona adekvatdır.

2.3. İslam üç

“İslam üç”ə gəlincə, bu, İslam yaranandan indiyədək, müsəlmanların tarix boyu sərgilədikləri davranışların və bu davranışlardan qaynaqlanan nəticələrin məcmusudur. Başqa sözlə, İslamın tarixi kontekstində müsəlmanlar tərəfindən tətbiq edilməsi deməkdir. Deməli, burada “İslam bir” həqiqət və ya düşüncə kimi deyil, əksinə, bir davranış kimi nəzərdə tutulur. Yəni “İslam üç” tarix boyu və bu gün müsəlmanların dünyada gündəlik praktik əməllərində sərgilədikləri davranışlar və bu davranışların dünyaya göstərilməsidir.

3. Üç növ İslamda bağlılıq, islahat və yanlışlıq əmsalı

Yuxarıda deyilənlərə əsasən, hər üç İslamın həm bir-biri ilə kəsişmə nöqtələri, həm də ayrılma nöqtələri ola bilər. Bu o deməkdir ki, bəzi hallarda, “İslam bir”, “İslam iki” və “İslam üç” hər üçü eyni ola bilər. Yəni “İslam iki” “İslam üç”ü olduğu kimi əks etdirə və “İslam üç” də “İslam iki” sayəsində doğru bir davranış qaynağına çevrilə bilir. Sadə desək, bəzi hallarda müsəlmanlar dinin təlimlərini doğru şəkildə dərk edir və nəticədə onları doğru şəkildə həyata keçirirlər. Bu zaman üç İslam bir-birini tamamlayır. Bəzi hallarda isə belə olmur, yəni “İslam iki” “İslam bir”i olduğu kimi əks etdirir, ancaq müsəlmanlar arasında tətbiq olunan İslam isə müəyyən səbəblərdən dolayı onlarla uyğun gəlmir. Burada üçüncü hal da təsəvvür etmək olar, yəni bəzi hallarda nə “İslam iki”, nə də “İslam üç” “İslam bir”i əks etdirir. Bu zaman müsəlmanlar arasında tətbiq olunan, icra edilən İslam bir davranış kimi yanlış düşüncənin məhsulu olduğuna görə səhv nəticələrə yol açır, çünki “İslam iki” “İslam bir”i əks etdirmədiyinə, onunla üst-üstə düşmədiyinə görə müsəlmanlara yanlış bilgi, düşüncə aşılayır və nəticədə dünyada, cəmiyyətdə yanlış davranışların şahidi oluruq. Xürafat, mövhumat və cəfəngiyat da elə buradan üzə çıxır. Yəni “İslam iki” və “İslam üç” “İslam bir”i əks etdirməyəndə və ya “İslam üç” “İslam bir”i əks etdirən “İslam iki” ilə üst-üstə düşməyəndə, qeyd olunan hadisələr cəmiyyətdə təzahür edir.

Deməli, prinsip olaraq, müsəlman dindar olma nöqteyi-nəzərindən “İslam bir”ə bağlı olmalı və onu müdafiə etməlidir. Buna da unutmamalıyıq ki, “İslam bir”i əks etdirən “İslam iki” də “İslam bir” hökmündə olub, eyni statusu daşıyır. Bundan əlavə, aydın olur ki, dini sahədəki islahatlar, reformalar “İslam iki” və “İslam üç”də aparılmalıdır. “İslam bir” isə Allahın əzəli elmi, iradəsi və qüdrətinin məhsulu olduğundan bəşəri islahatların fövqündə dayanır. Çünki o, tamamilə qüsursuz və kamildir. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, “İslam üç”də olan yanlışlıq əmsalı “İslam iki”dəki yalnışlıq əmsalından daha böyük olur. Bu isə o deməkdir ki, “İslam üç” heç də həmişə gerçək İslamı təmsil etmir və belə bir İslamdan heç bir zaman “İslam bir”in də məhz belə olması qənaətinə gəlmək olmaz.

4. Nəticə

Deyilənlərdən aşağıdakı nəticələri əldə etmək olar:

  1. İslam da, varlıq aləmində olan bəzi reallıqlar kimi, mahiyyət etibarilə üç növ realizə oluna bilər: həqiqət, düşüncə və davranış kimi. Məhz buradan “İslam bir”, “İslam iki” və “İslam üç” anlayışlarını əldə edirik.
  2. İslam dinini araşdıran, kənardan onu izləyən birisi daim üç fərqli İslamı bir-birindən ayırmalıdır. Necə ki hansısa bir uyğun reallıq – nəsnə və ya olayın mahiyyət etibarilə həqiqət, düşüncə və davranış kimi realizəsində belə edilir.
  3. İslahat və reformalar yalnız “İslam iki” və “İslam üç”də aparılmalıdır. Çünki həqiqət islahatdan sığortalanmışdır, ancaq düşüncə və davranışda isə belə bir sığorta mövcud deyil.
  4. Bu gün dünyada səsləndirilən “ənənəvi İslam”, “fundamentalist İslam” və “modern İslam” adları, əslində, insanların “İslam iki” barədə olan anlayışları və təsəvvürləridir.
  5. “İslam iki” və ya “İslam üç”ü tənqid etməklə, onu yalnış hesab etməklə heç bir zaman “İslam bir”i tənqid etmək, onun yanlışlığı qənaətinə gəlmək doğru olmazdı. Məntiqi baxımdan bu yanlış metoddur, çünki düşüncəyə və davranışa irad bildirmək məntiqi baxımdan heç də həqiqətə irad bildirmək deyil. Odur ki, İslamı araşdıranlar diqqətlə üç fərqli İslamı bir-birindən ayırmalıdırlar.
  6. Bu gün dünyamızda bəşəriyyət qarşısında İslam adına rəhmsizlik, din adına ən iyrənc zorakılıq növlərini nümayiş etdirən, Allah adına bütün insanlıq meyarlarını pozan radikal ekstremist cərəyanlar, o cümlədən, İŞİD heç bir şəkildə “İslam bir”i təmsil etmir. Hətta şiə və sünni müsəlman alimlərinin tarix boyu təqdim etdiyi “İslam iki” ilə belə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.

 

 

 

 

Oxşar yazılar
İbn Rüşd düşüncəsində din ilə fəlsəfənin uzlaşması
İnsan dindar olmaya bilərmi? (Etüd)
Dinin xarici və daxili hissələri
İslamdaxili bölgülərin yaranma səbəbi barədə (Tərəfsiz yanaşma)