Ümid ilahiyyatına dair bəzi qeydlərim

1. İman həm də ümiddir.

2. Baş verməsi mümkünsüz olan nəsnəyə ümid bağlamaq nə qədər absurddursa, baş verməsi 100% qəti olan nəsnəyə də ümid bağlamaq bir o qədər absurddur. Fəlsəfi dillə ifadə etsək, ümidin obyekti nə zəruri, nə də mümkünsüz olan nəsnədir, əksinə, mümkün olan nəsnədir.

3. Ümid sadəcə olaraq emosional yönü özündə ehtiva etmir. O həm də koqnitiv (inam və biliklə əlaqəli olan nəsnə) hesab olunur. Elə buna görə, ümidi tənqid və ya müdafiə şəklində dəyərləndirmək olar. Demək, ümidin hər iki yünunə diqqət etməliyik:
a. Ümid bağlanılan nəsnə, başqa sözlə, ümidin obyekti mümkün olmalıdır. Mümkünsüz və ya zəruri olan nəsnə isə ümidin obyektinə çevrilə bilməz. (Koqnitiv yön)
b. Ümid bağlanılan nəsnə ümid bağlanılmağa layiq olmalıdır. (Emosional yön)
Deyilənlərə əsasən, bir ümidi o zaman tənqid etmək olar ki, ya onun obyektinin mümkünsüz və ya zəruri bir nəsnə olduğunu göstərə bilək, ya da ümid bağlanılan nəsnənin ümid bağlanılmağa layiq olmadığını. Ümidin müdafiəsinə gəlincə, həm onun obyektinin mümkün bir nəsnə olduğunu göstərməliyik, həm də ümid bağlanılan nəsnənin ümid bağlanılmağa layiq olduğunu.

4. İman ümidin bünövrəsidir, ümid isə imanın sığortaçısı. Bu, ümidlə iman arasındakı sıx əlaqəni göstərir. Hətta imanın ümiddən asılı olduğunu göstərir. Əslində ümidimiz imandan yox, imanımız ümiddən doğur. Tanrıya ümid və Onun varlığının həyəcanlı arzusu – hansı ki, bəşərin şüuri əbədiliyini sığortalayacaq- bizi Tanrıya imana doğru sövq edir.(İspan filosof Miqel de Unamuno)

5. Eşq ümid bəsləyir, həmişə də ümid bəsləyir və heç bir zaman ümiddən yorulmur. Bizim Tanrıya ümidimiz, bizim Ona imanımız hər şeydən çox bizim Ona ümidimizdir. Çünki Tanrı ölməz və Tanrıya ümid bağlayan kimsə isə həmişə diri qalar. Bütün ümidlərimizin kökü olan ən əsaslı ümidimiz əbədi həyat ümididir.
Əgər iman ümidin “məzmun”udursa, onda ümid də öz növbəsində imanın “forma”sıdır. İman nə qədər ki, bizə ümid bəxş etməyib, formasız, şəkilsiz bir imandır, mübhəmdir, xaotikdir, protensialdır, iman mümkünlüyündən və ya iman arzusundan başqa bir şey deyil. Biz iman sahibi olmağa ehtiyaclıyıq və ümid bağladığımıza iman gətiririk, ümidə iman gətiririk. Keçmişi anırıq, indiki zamanı tanıyırıq və təkcə gələcəyə imanımız var. Görmədiyimizə iman gətirmək əslində görəcəyimizə iman gətirmək deməkdir. Təkrarlayıram, iman- ümidə imandır: Ümidimiz olana imanımız var.(İspan filosof Miqel de Unamuno)

6. Ümid modelində iman bircə dəfə baş verən bir olay deyil. Əksinə, hər dəfə təkrarlanan bir olaydır. Odur ki, iman statik yox, dinamikdir.

7. Ümid modelində imanlı şəxs həqiqətin sahibi yox, talibi hesab olunur.

8. “Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf: 87)
Ayədən anlaşılan odur ki, “iman” ilə “ümid” və “küfr” ilə “ümidsizlik” arasında sıx bir əlaqə var. Belə ki, mömin ümidli insan, kafir isə ümidsiz insandır.

9. İmanın koqnitiv tərəfi olsa da, əslində, onun həqiqətini “yəqin” yox, “ümid” təşkil edir. Quran bir çox ayələrində imanın artıb-azalması gerçəyindən danışır. Belə bir xüsusisyyəti təkcə ümid özündə ehtva edə bilər. Belə ki, ümid bəzən artıb, bəzənsə azala bilər, yəqin isə belə deyil. Fəlsəfi dillə desək, yəqin işıq, rəng, istilik və s. anlayışlar kimi dərəcəli anlayış hesab olunmur. Onun təkcə bir dərəcəsi var, vəssalam. Ümid isə belə deyil, yəni dərəcəli bir anlayış olub, güclü və zəif olmaqla müxtəlif dərəcələri özündə cəm edir. Nümunə olaraq Ənfal surəsinin 2-ci ayəsini nəzərdən keçirək: “Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların ürəkləri qorxudan titrəyər, Onun ayələri onlara oxunduqda imanları artar və onlar yalnız öz Rəbbinə təvəkkül edər”. Ayənin sonunda gələn “təvəkkül (=belbağlamaq)” ifadəsi ümidə işarədir.
P.S: Əhzab: 22, Ali İmran: 173, Tövbə: 124-cü ayələr də imanın artıb-azalması gerçəyini qeyd edir.

10. Yəqinin imanın həqiqətini əks etdirməməsinə dair ən bariz dəlillərdən biri də insanda baş verən “müvəqqəti şəkk” gerçəyidir. Belə ki, əgər yəqin imanın həqiqəti olsaydı, onda insan bir anlıq belə olsun şəkkə məruz qalsaydı, imansız, kafir hesab olunardı. Halbuki müvəqqəti şəkk heç bir zaman küfrə gətirib çıxarmır. Odur ki, belə bir şəkkə məruz qalan adam özünü kafir yox, hələ də mömin (iman sahibi) hesab edir. Şəkk mahiyyət etibarilə “fərqində olmaq” deməkdir. Bu mənada, şəkk insanın əvvələ qayıdıb gözübağlı gəldiyi yolu yenidən gözüaçıq halda qət etməsi deməkdir. Bəzi ilahiyyatçılar belə bir şəkkə “müqəddəs şəkk” də deyirlər. Maraqlısı isə odur ki, bəzi hədislərdə belə bir şəkk imanın özü kimi qələmə verilir.

11. Yəqinin imanın həqiqətini əks etdirməməsinə dair digər bir dəlil isə imanın bir hadisə kimi mahiyyətcə başdan-başa iradə, seçim və ixtiyarı özündə ehtiva etməsidir. Bu mənada, iman həm ilkin olaraq baş verməsində, həm də qalışında iradə, seçim və ixtiyarı əldən vermir. Yəqin isə belə deyil. Yəqinin həm özü, həm də müqəddimələri avtomatik olaraq zəruri şəkildə baş verir. Çünki yəqin müqəddimələrin nəticəsidir, nəticə isə səbəbi var olduğu təqdirdə zəruri olaraq baş verir.Nəzərə alsaq ki, müqəddimələr də hər birisi öz-özlüyündə “yəqin” hesab olunur, bu zaman səbəb-nəticə əlaqəsi burada da öz sözünü deyəcək. Əgər bu silsiləni axıra qədər davam etdirib aksiomlara çatsaq belə yenə də səbəb-nəticə qanunundan qaça bilməyəcəyik. Bundan əlavə, yəqin öz qalışında da iradə, seçim və ixtiyarı itirir. Odur ki, məsələn, 2+6=8 olmasına yəqini olan birisinə “İndi isə bu riyazi müddəaya olan yəqinini öz iradən, seçimin və ixtiyarınla əldən ver”- demək mənasızdır. Deyilənləri əsas tutaraq deyə bilərik ki, imanın dəyəri onun zəruri yox, mümkün hadisə olmasından irəli gəlir. Aydındır ki, həyata keçməsində iradənin, seçimin və ixtiyarın rol oynadığı bir hadisə bu üç elementin heç birini özündə ehtiva etməyən hadisəyə baxanda dəyərli hesab olunur.

12. Ümid modelində iman quru zehni anlayış yox, ekzistensial bir haldır, təcrübədir. İnsan bütün varlığı ilə bu ekzistensial təcrübəni yaşayır, təkcə zehni ilə yox. İmanın həqiqətini yəqin kimi realizə etdikdə isə ortada sadəcə zehni anlayışlar topası ilə qarşılaşırıq. Ancaq iman adamda həyəcan, şövq, sevgi, yanğı, güvən, bağlılıq, aramlıq yaradır. Bütün bunları bizə zehnimizdəki quru anlayışlar yox, məhz ümid bəşx edir.

Oxşar yazılar
Dinə dair müddəaları ayırd etmə zərurəti
Tövhidə dair qeydlərim (1-ci hissə)
Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (2-ci hissə)
Din, dindar və dinşünas üçlüyünə dair qeydlərim (1-ci hissə)