Varlığın orijinallığı və mahiyyətin şərtiliyi (14-cü dərs)

Bir neçə dərsimizi İslam fəlsəfəsinin ən fundamental mövzularından birinə həsr edəcəm; “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusuna. Bu dərslərdə mövzunun qısa olaraq önəmindən, tarixindən, fəlsəfi bir müddəa kimi təsvirindən və nəhayət, mövzunun lehinə olan sübutlardan söz açacam. Bilindiyi kimi, hər bir elm sahəsində bir neçə fundamental, özüllü mövzu var ki, o elmdəki qalan mövzular onların üzərində qurulur, onlardan asılı olurlar. Kimsə bu bir neçə fundamental mövzunu bilərsə, demək olar ki, o elmi mənimsəmiş hesab olunur. Bu, bütün elm sahələrinə, xüsusən də humanitar elm sahələrinə aiddir. Fəlsəfə də bir elm sahəsi kimi bu ümumi qanundan istisna deyil. Yuxarıda qeyd olunan mövzu bu qəbildən olan mövzuların sırasına daxildir, belə ki, bir çox fəlsəfi problemlərin həllinin, çözümünün açarı hesab olunur və demək olar ki, metafizikanın strukturunu, quruluşunu yeni bir sistemin içərisinə daxil edir. Bu mövzu- “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusu III müəllim kimi tanınan dahi müsəlman filosof Mirdamada qədər tədqiq obyekti olmamışdır. Nə şərq, nə də qərb fəlsəfəsində belə bir mövzu fəlsəfi bir problem kimi irəli sürülmüşdür. Mövzunu şüurlu şəkildə ilk dəfə ortaya atan filosof Mirdamad olmuş və varlıq-mahiyyət ikiliyindən mahiyyətin “orijinal”, varlığınsa “şərti” olduğunu qəbul etmişdir. Bunun əksinə olaraq, şagirdi Sədra Şirazi bir müddət müəllimi ilə eyni fikirdə olsa da, sonradan varlığın orijinallığını, mahiyyətinsə şərtiliyini seçmişdir. Ünlü fransalı filosof Henri Korbin “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusunu Sədra Şirazi tərəfindən İslam fəlsəfədə edilən inqilab kimi dəyərləndirir. Bir çox fəlsəfə tədqiqatçıları adıkeçən mövzunun bu cür qoyuluşu barədə yanılaraq mövzunun Mirdamaddan öncəki fəlsəfi dönəmdə də bəhs olunduğunu qeyd etmişlər.  20.03.2015

Oxşar yazılar
Fərqliliyin ikinci sübutu (11-ci dərs)
“Varlıq” anlayışı (4-cü dərs)
Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)
Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)