Varlığın xüsusiyyətləri (17-ci dərs)

Bu dərsdə, varlığın daşıdığı xüsusiyyətlərdən söz açmağa çalışacam. İslam fəlsəfəsində varlığın üç əsas xüsusiyyətinə işarə edilir: “mövcudluq”, “xaricilik” və “fərdiyyət” (fərdilik). Bu, o deməkdir ki, məsələn, qarşımızdakı “daş”, obyektiv reallıqdakı varlıq xüsusiyyəti ilə həm mövcud, həm xarici, həm də fərdidir. Bu xüsusiyyətlər nə deməkdir? Gəlin, bunları bir-bir açaq. İlk öncə “mövcudluq” xüsusiyyətindən başlayaq. Varlığın bu xüsusiyyəti o deməkdir ki, mövcudluq varlığın zati özəlliyidir, yəni varlıq zat etibarilə yoxluğu özündən uzaqlaşdırır, onu yaxınına belə buraxmır. Öz zatında hər “nə” varsa, təkcə mövcudluqdan ibarətdir və onda əsla yoxluqdan əsər-əlamət yoxdur. Deməli, “daş” varlıq xüsusiyyətinə görə, mövcudluğunu göstərir və yoxluq deyə bir şey də onda əks olunmur. Bir sözlə, daş bu xüsusiyyətinə görə “var”dır, “yox” deyildir. Unutmamalıyıq ki, mövcudluq xüsusiyyəti dedikdə, onun zehindəki anlayışını, məfhumunu, anlamını deyil, əksinə, həqiqətini, gerçəkliyini nəzərdə tuturuq. Odur ki, biz “yoxluq olan varlıq gerçəyi” anlayışını paradoksal, ziddiyyətli bir anlayış kimi dəyərləndiririk, çünki varlıq ilə yoxluq bir araya sığa bilmir. Varlığın ikinci xüsusiyyəti isə xaricilikdir, yəni varlıq elə bir həqiqət, gerçəkdir ki, onun yeri təkcə xarici, dış dünyadır və heç bir zaman iç, zehin dünyasına girə bilməz. Özəlliyi təkcə xarici dünyada ola bilməkdir. Məsələn, daş bu xüsusiyətinə görə xaricidir, zehni deyil, yəni obyektiv gerçəklikdə xariciliyi ilə mövcuddur. Oun, bu özəlliyi ilə (xaricilik) zehin dünyasına daxil ola bilməsi heç vaxt mümkün olan deyil. Daş xaricilik özəlliyi ilə təkcə dış dünyada ola bilər və belə bir özəlliyi ilə iç (zehin) dünyaya ayaq qoya bilməz. Nəhayət, varlığın üçüncü xüsusiyyəti isə fərdiyyətdir. Varlığın fərdiyyəti, onun xüsusiləşməsi, ayrıcalaşması, başqası ilə ortaq olmaması, başqalarından ayrılması deməkdir. Bir sözlə, varlıq- özü özü olmalıdır və bu mənada, varlığın fərdiyyəti elə onun öz xüsusi varlığı deməkdir. Biz varlıqdan, onun öz xüsusi varlığını alsaq, bu zaman o varlıq bütüncələşəcək, ümumiləşəcək, başqaları ilə ortaq olacaq. Məsələn, daş fərdiyyət xüsiyyətinə görə özü özüdür, özünün xüsusi bir varlığı var ki, onu başqalarından ayırır. Daş bu özəlliyi ilə, özü olur, başqası olmur. Təkcə özünü nümayiş etdirir, bir an da olsun, kimsəni və ya nəsəni öz sərhədinə yaxın buraxmır. Bir sözlə, daş var ola bilməsi üçün özünə aid, xas varlığı olmalıdır, kimlə və ya nəsə ilə də şərik, ortaq olmalı deyil öz varlığında. Bu daşın fərdiyyəti deməkdir. Gələn dərsdə mahiyyətin xüsusiyyətindən danışacam. 01.04.2015

Oxşar yazılar
Fəlsəfə nədən danışır? (3-cü dərs)
“Varlıq” və “mahiyyət” anlayışları (8-ci dərs)
Varlığın orijinallığı və mahiyyətin şərtiliyi (14-cü dərs)
Eynimənalılığa sübut (7-ci dərs)