“Varlıq” anlayışının eynimənalılığı (5-ci dərs)

Bildiyimiz kimi, “varlıq” kəlməsini çoxsaylı əşyalar üçün istifadə edə bilirik. Məsələn, deyirik: Ağac var, yer var, insan var, sevgi var, Allah var və s. Burada insan zehnini qurcalayan fəlsəfi sual budur: “Varlıq” anlayışı hər bir cümlədə eyni anlamda işlədilir, yoxsa bir-birindən tamamilə fərqlənən anlamlarda? Başqa sözlə, “varlıq” sözü “qaz” sözü kimi deyilişcə eyni, mənaca fərqlidir, yoxsa İlqar, Eldar, Sabir, Rüstəm və s. bu kimi fərdlərə şamil olan “insan” sözünün ifadə etdiyi vahid anlam kimi mənaca birdir? Bu  o deməkdir ki, birinci baxışa əsasən, yuxarıda qeyd olunan beş misaldakı “varlıq” sözündən hər bir misalda ayrıca bir məna qəsd edilir, nəzərdə tutulur, ikinci baxışa görə isə varlıq sözü hər bir misalda eyni mənada işlədilir. Sədra Şirazi kimi dahi filosoflar ikinci görüşü seçərək bildirirlər ki, varlıq anlayışının öz obyektlərinə (məs; ağac, yer, insan və s.) isnad edilməsi (predikasiya olunması) aksiomdur. Bunu isbatlamaq üçün də heş bir sübuta gərək yoxdur. Deməli, varlıq anlayışı mənaca aksiom, öz-özlüyündə aydın bir anlayış kimi işləndiyi yerlərdən, misallardan, örnəklərdən asılı olmayaraq eyni məna fadə edir. Hər bir örnəkdə hansı mənanı ifadə edirsə, başqa örnəkdə də eyni mənanı ifadə edir. Beləliklə, “Ağac var”, “Yer var”, “İnsan var”, Sevgi var”, “Allah var”- cümlələrində “var” sözü eyni həqiqəti bizə aşılamağa çalışır. Gələn dərsimizdə müddəamızı isbatlayan bir neçə arqumentin izahın verəcəyik. 19.02.2015

 

Oxşar yazılar
“Varlıq” və “mahiyyət” anlayışları (8-ci dərs)
“Varlıq” anlayışı (4-cü dərs)
Fərqliliyin birinci sübutu (10-cu dərs)
Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)