“Varlıq” və “mahiyyət” anlayışları (8-ci dərs)

“Varlıq” ilə “mahiyyət” arasındakı fərq İslam fəlsəfəsində ən fundamental, mərkəzi təlimlərdən biri hesab olunur. Qətiyyətlə demək olar ki, bu fərq İslam metafizikasının sturukturunun altqrumunu təşkil edir. Fəlsəfə tarixində qeyd olunduğu kimi, “varlıq-mahiyyət” ikili bölgüsünü ilk dəfə olaraq müsəlman filosof Farabi irəli sürmüşdür. Bu dərsimizdə göstərməyə çalışacam ki, insan zehnində hər hansı bir şeyin varlığı ilə onun mahiyyəti bir-birindən fərqlidir. Bu o deməkdir ki, varlıq və mahiyyət vahid bir anlayış, məfhum deyil, əksinə, iki fərqli anlayış, məfhumdur. Biz- hər birimiz daim öz həyatımızda çoxsaylı əşyalarla üzləşirik. Bu isə, bizim gündəlik təcrübəmizin ən fundamental quruluşuna aiddir. Biz özümüzü onların mühasirəsində görür və müxtəlif, rəngarəng əşyaların fərqində, bilincində olmaqdan qaça bilmirik. Biz özümüz var olduğumuz kimi, onlar da gerçək (aktual) olaraq “var”dırlar, mövcuddurlar. Digər tərəfdən, onlar xalis, çılpaq, qəliblənməmiş “varlıq”lar formasında deyillər, əksinə, onlar rəngarəng əşyalar formasında mövcuddurlar: İnsan, at, daş, dəmir, ağac, stul və s kimi formalarda. Onların bu sonuncu yönünə mahiyyət deyilir. Mahiyyət isə onların nəliyi deməkdir- nə olması deməkdir. Deməli, zehnimizdə əşyaların mahiyyəti- nəliyi barədə olan təsvirlərimiz onların varlığı barədə olan təsvirlərimizdən tamamilə fərqlidir. Yəni, bir şeyin nə olması ilə onun var olması barədəki anlayışımız, təsvirimiz bir-birindən fərqlidir, belə ki, nəliyi barədəki təsvirimiz bir şeydir, varlığı barədəki təsvirimiz isə başqa bir şey. Məsələn, biz daşın nəliyini, nə olmasını anlayırıq və eyni zamanda onun var olmasını da qavrayırıq. Bu əsasla deyirik: “Daş vardır”. Bu cümlədə, “daş” həmin şeyin mahiyyət elementini, “var” isə varlıq elementini göstərir. Gələn dərsimizdə müddəamızın lehinə olan sübutları şərh etməyə çalışacam.   08.03.2015

Oxşar yazılar
“Varlıq” anlayışı (4-cü dərs)
Fərqliliyin ikinci sübutu (11-ci dərs)
“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)
Eynimənalılığa sübut (7-ci dərs)