“Varlıq” və “mahiyyət”- iki fərqli anlayış kimi (9-cu dərs)

Gəlin, keçən dərsdə deyilənləri bir az da geniş və dəqiq şəkildə anladaq. Qeyd etdiyimiz kimi, “varlıq” və “mahiyyət”- iki fərqli anlayış, məfhumdur. Yəni, insan zəkası hər hansı bir şeyin “nə” olması ilə onun “var” olmasını bir-birindən fərqləndirə və mahiyyətini varlığından ayırıb onu təklikdə, müstəqil şəkildə qavraya bilir. Məsələn, insan ağılı məfhum (məna) müstəvisində “daş”ın nə olduğunu- mahiyyətini, onun var olub-olmadığını nəzərə almadan dərk edə, qavraya bilir. İkinci mərhələdə isə onu “varlıq”la və ya “yoxluq”la xarakterizə edərək “Daş vardır” və “Daş yoxdur”- cümlələrini qura bilir. Bu isə o deməkdir ki, varlıq anlayışı “əlavəli” bir anlayışdır, yəni varlıq mahiyyətin üzərinə sonradan əlavə olunur, belə ki, nə onun özünü, nə də onun bir hissəsini təşkil edir. Deməli, varlıq anlayışı mahiyyət anlayışı ilə eyniyyət təşkil etmir, eyni zamanda onun bir hissəsi də hesab olunmur. Bu iki anlayışdan hər birinin özünə xas bir sərhədi, məna yükü vardır. Bunları nə eyniləşdirmək, nə də hissələşdirmək olar. Unutmamalıyıq ki, söhbət anlayışların təhlilindən gedir. Yəni, aydınlaşdırmağa çalışırıq ki, zehin dünyasında varlıq anlayışı ilə mahiyyət anlayışı iki fərqli şeydirlər. Mənaca hər birindən dərk etdiyimiz digərindən dərk etdiyimizdən tamamilə fərqlidir, belə ki, bu ikisini nə eyniləşdirmək, nə də hissələşdirmək, yəni birinin digərinin hissəsi olduğunu söyləmək doğru olardı. Müzakirə obyekti olan məsələmiz öz-özlüyündə aksiom, aydın olsa da, filosoflar müddəanın lehinə bir neçə sübut qeyd etmişlər. Gələn dərsdə üç əsas sübutu şərh etməyə çalışacam.

  1. Varlığın təcridi sübutu;
  2. Varlığın isnadı sübutu;
  3. Mahiyyətin bərabərliyi sübutu.  10.03.2015
Oxşar yazılar
Fəlsəfə nədən danışır? (3-cü dərs)
“Varlıq” və “mahiyyət” anlayışları (8-ci dərs)
Fəlsəfəyə iki fərqli yanaşma (1-ci dərs)
Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)