Varlıq və mahiyyətin həqiqəti (16-cı dərs)

Keçən dərsdə, söylədiyimiz kimi, insanın zehnindəki varlıq və mahiyyət anlayışı xarici aləmdə olan həqiqətləri qavraya bilməsi üçün eynək rolunu oynayır. Belə ki, ona göstərir ki, məsələn, “daş”ın zehində başa düşülən mahiyyət və varlıq yönləri xarici reallıqda özlərinə xas həqiqətləri də var. Deməli, mahiyyət və varlıq təkcə quru, içiboş anlayış deyil, əksinə, onlar xirici reallıqda olan həqiqət və gerçəklərə yönəlirlər. Sonucda, daşın “mahiyyət olma” xüsusiyyəti ilə onun “varlıq olma” xüsusiyyəti bir-birindən fərqlənir. Mahiyyət və varlığın xüsusiyyəti dedikdə, onların zehnimizdəki anlayışları nəzərdə tutulmur. Əksinə, zehnin bu iki anlayış vasitəsilə qavradığı iki cür xarici həqiqət, gerçək nəzərdə tutulur. Sadə dillə desək, biz zehin dünyasında mahiyyət və varlıqdan söz açmırıq, oları nəzərdən keçirmirik əksinə, xarici dünyaya gedərək onların gerçəyindən danışmaq istəyirik. Məsələn, insan ki daşın mahiyyətini, nə olmasını və varlığını, var olmasını anlayır, deməli, bu ikisinin xarici dünyada hərəsinə xas bir həqiqəti, gerçəyi var ki, onları başa düşür. İnsan daşın nəliyini anlayırsa, deməli, o bir gerçəkdir. Həmçinin daşın varlığını anlayırsa, deməli, o bir gerçəkdir. Nəticədə, bu iki anlayış “daş” adlı xarici reallığa şamil və aid ola bildiyindən, insan belə düşünür ki, bu reallıq, yəni “daş” xarici aləmdə iki cür həqiqətdən, gerçəkdən təşkil olunub. Çünki insan görür ki, daşa həm “Bu (şey) bir daşdır”, həm də “Bu (daş) vardır”- deyə bilir və sonuc alır ki, deməli, daş xarici aləmdə həm mahiyyət, həm də varlıq xüsusiyyətini özündə daşıyır və bu iki həqiqətdən təşkil olunur. Gələn dərsdə, bu iki gerçəyin, həqiqətin- mahiyyət və varlığın xüsusiyyətlərini öyrəndikdən sonra, mövzu ilə bağlı fundamental sualımıza cavab tapmağa çalışacağıq: İnsanın belə bir nəticə alması doğrudurmu? Yəni, hər iki həqiqət məsələn, “daş”da orijinaldı, yoxsa hər ikisi şərtidir  və ya biri orijinal, o biri isə şərtidir? Mövzu ilə əlaqədar dörd ehtimalın tədqiqində suallara aydınlıq gətirməyə çalışacam. 28.03.2015

Oxşar yazılar
Fəlsəfənin tərifi, predmeti və hədəfi (2-ci dərs)
Fərqliliyin birinci sübutu (10-cu dərs)
Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)
Varlığın orijinallığı və mahiyyətin şərtiliyi (14-cü dərs)