Varlıq və mahiyyətin xarici vəhdəti (13-cü dərs)

Bu dərsdə qısa şəkildə “varlıq-mahiyyət” mövzusuna iki fərqli zaviyədən yanaşmağa çalışacam. Belə ki, bir var, bu mövzunu “zehin dünyası”nda nəzərdən keçirək, bir də var, bunu “xarici aləm”də araşdıraq. Ötən bir neçə dərsimizdə anlatdıqlarımız zehin dünyasına aid idi. Yəni, aydınlaşdırmağa çalışırdıq ki, varlıq və mahiyyət anlayışları zehin dünyasında iki fərqli anlayışdır, insan zehni bir şeyin “nə” olması ilə onun “var” olmasını bir-birindən ayıra, onların arasında fərq qoya bilir. Deməli, bu “ikilik/dualizm” yalnız zehin dünyasına aiddir. Xarici dünyaya gəldikdə isə, bu, belə deyil. Yəni xarici dünyada iki fərqli şey yoxdur; biri “varlıq” adında, digəri isə “mahiyyət” adında. Xarici aləmdə hər nə varsa, konkret olaraq bir şeydir. Məsələn, biz qarşımızda duran “ağac”a baxdığımız zaman, konkret olaraq mövcud olan bir şeyi müşahidə edirik; “ağac” adında olan bir şeyi. Nəinki iki fərqli şeylə qarşılaşırıq, belə ki, biri ağacın “mahiyyət gerçəyi”dir, digəri isə onun “varlıq gerçəyi”. Əsla, xarici aləmdə biz belə bir reallıqla- ikili reallıqla üz-üzə deyilik. Bu da o deməkdir ki, varlıq və mahiyyət xarici aləmdə iki fərqli şey deyil, əksinə, vahid bir şeydir. Gəlin, bu iki cümləni nəzərdən keçirək: 1) “Çay vardır.” 2) “Çay şirindir.” Hər iki cümlənin tərkib hissələri zehin dünyasında fərqli-fərqli anlayışlar hesab olunur, zehin hər birini təklikdə müstəqil bir anlayış kimi nəzərdən keçirir və hər bir anlayışın sərhədini digər anlayışın sərhədindən ayıraraq təyin edir. Lakin xarici dünyada isə birinci cümlə vahid bir şeyə, ikinci cümlə isə iki şeyə işarə edir. Beləliklə, nəticə alırıq ki, “varlıq-mahiyyət” mövzusu nəzərdən keçiriləcəyi dünyadan asılı olaraq (zehin və ya xaric) fərqli hökmlər qəbul edir, belə ki, zehin dünyasında “ikilik” hökmü ilə, xarici dünyada isə “birlik” hökmü ilə xarakterizə olunur. Gələn dərsimizdə- “varlığın orijinallığı və mahiyyətin şərtiliyi” mövzusuna həsr edəcəyimiz dərslərdə bu barədə geniş söhbət açacağıq. 15.03.2015

Oxşar yazılar
Fərliliyin üçüncü sübutu (12-ci dərs)
Mahiyyətin xüsusiyyətləri (18-ci dərs)
“Varlıq” və “mahiyyət” anlayışları (8-ci dərs)
Eynimənalılığa sübut (6-cı dərs)