Yalan ağrısı və Doğru yaşam təcrübəsi

1.

Doğruluq, düzdanışma, onların insan ruhu və əxlaqi yaşamı ilə əlaqəsi, ilişgisi haqda bir neçə nöqtəni nəzərə almaq lazımdır. Obyektiv reallıqla adekvat olan, uyğun gələn inamın, cümlənin, deyimin hərfi tərcüməsi “düzdanışma” ilə ifadə olunur. Əgər düzdanışmanı obyektiv reallığa adekvatlıq, uyğunluq kimi hesab etsək, o zaman “doğru” və “yalan”ı bir neçə meyarla ölçməliyik. Xəta etmək və yalan danışmaq tamamilə iki fərqli nəsnədir. Məsələn, mən sizdən bu gün neçənci gün olması barədə soruşuram. Siz isə bu gün birinci gün olduğunu deyirsiniz, halbuki bu gün ikinci gündür. Burada siz xəta etmiş olursunuz ki, bu da sizin xəbərsiz, bilgisiz olduğunuzdan irəli gəlir. Bəzən isə xətanın mənşəyi, qaynağı insanın dil məharətinə, bacarığına yiyələnmədiyinə görə baş verir. Məsələn, kafi həddə dil məharətinə, bacarığına malik olmayan bir uşaq birdən artıq xalasının olmadığını bilmədən, öz anasının rəfiqələrinə xala deyərək xitab edir. Uşaq burada xətaya yol verir, çünki xala insanın anası ilə qan əlaqəsi, ilişgisi olan şəxsə deyilir. Yerdə qalanlarsa ananın dostları hesab olunurlar.

Beləliklə, əgər bu xətalar qəsdən, bilərəkdən baş verərsə, bu zaman yalan danışma aktı ilə üzləşmiş oluruq. Aydındır ki, xəta qəsdən baş verdikdə, yalan əxlaqi yaramazlıq, nöqsan (vice) hesab olunur.

2.

Etik nəzəriyyələr içərisində İmmanuel Kant (1724-1804) kimi deontologiya (borc, vəzifə barədə öyrəti, təlim) konsepsiyasının tərəfdarları yalanın yolverilməzliyi və onun pis bir iş olmasının izahında, açılımında düzdanışmanı insanların rasional, əqli etik vəzifələrindən biri kimi hesab edirlər. Bu konsepsiyaya görə, düzdanışma insanların gündəlik münasibətlərində mütləq (categorical) etik vəzifələr sırasına daxildir. Bundan əlavə, utilitaristlər (utilitarizm- fayda barədə öyrəti, təlim) belə hesab edirlər ki, bir cəmiyyətdə, toplumda fayda, xeyir və mənfəət (utility) maksimallaşıb, ağrı və dərdin minimallaşması etik münasibətlərin mahiyyətini, içözünü təşkil edir. Bu yanaşmada, yalan danışma insanların cəmiyyət içərisində dərd və ağrılarını maksimallaşdırır. Buna görə də, belə bir əməl, davranış qeyri-əxlaqi (non-moral) hesab olunaraq qırağa qoyulmalıdır.

3.

Ərdəm, fəzilət etikası (virtue ethics) tərəfdarları isə bu qənaətdədirlər ki, düzdanışma şücaət, səbr, mehribanlıq və bu qəbildən olan digər əxlaqi ərdəmlərdən hesab olunur. Necə ki, yalan danışmaq- paxıllıq, kin, ittiham kimi əxlaqi rəzilət, nöqsan sayıldığından qeyri-əxlaqi hesab olunur və sonucda kənara qoyulmalıdır. Ərdəmli adam (virtuous person) heç bir zaman yalan danışmaz və bu əxlaqi nöqsanın vücudunda köklənməsindən özünü saxlayar.

4.

XX çağın İngilis filosofu Devid Ras (1877-1971) “İlk baxışdan vəzifələr etikası” (the ethics of prima facie duties) ilə tanınan öz əxlaqi sistemində bildirir ki, düzdanışma iki “ilk baxışdan qeyri-törəmə (underived) vəzifə”dən, yəni “əhdə vəfa etmək” və “başqalarına zərər yetirməmək”dən təşkil olunmuş “ilk baxışdan törəmə (derived) vəzifə” hesab olunur. Yalan danışdıqda isə biz bu iki “ilk baxışdan qeyri-törəmə vəzifə”ni pozmuş oluruq. Bu da o deməkdir ki, biz cəmiyyətin üzvləri kimi, insani münasibətlərin davamlılığının zəruri şərti olaraq bir-birimizə yalan söyləməməyi söz vermişik. Yalan danışmaqla biz başqalarına zərər vurmuş oluruq. Deməli, biz yalan danışdıqda həm əhdimizi, verdiyimiz sözü pozuruq, həm də sonucda başqalarına, toplum üzvlərinə zərər vururuq.

5.

Bura qədər düzdanışmanın doğruluğu, yalan danışmanın isə yolverilməzliyi etik nəzəriyyələr aspektindən izah olundu, açıqlandı. Ancaq məsələ təkcə bununla bitmir. Sosioloji müşahidələr bizə anlatmağa çalışır ki, dünyanı təkcə nə pis və alçaq insanlar, nə də yaxşı və müqəddəs insanlar deyil, əksinə, istisnaları çıxmaq şərti ilə orta insanlar doldurub. Düzgün ictimai strukturların, biçimlərin yaradılması və onun əsasında formalaşan həyat tərzi cəmiyyətin üzvlərinin öz həyatının davamı üçün yalan danışmağa ehtiyac duymamalarını təmin edir, ödəyir. Burada söhbət cəmiyyət üzvlərindən deyil, sturkturlardan gedir. Aydındır ki, strukturlardan söz düşdükdə, təbii olaraq siyasi və mədəni xüsusiyyətlərin, özəlliklərin rolu da aydın bir şəkildə təzahür edəcəkdir. Çünki bu haqda çarə düşünmək onların vəzifələrinin çərçivəsinə daxildir. İnsanların birinci dərəcəli ehtiyaclarını təmin etmək hakimiyyətlərin əsas vəzifəsi hesab olunur. Əgər bir cəmiyyətdə, toplumda insanlar yemək, içmək, geyim, istirahət və s. bu kimi öz birinci dərəcəli ehtiyaclarını aradan qaldırıb, yaşamlarını təmin etmək üçün yalana, fırıldaqçılığa və rüşvətə əl atırsa, bu zaman cəzalanması gərəkən təkcə fərdlər deyil, əksinə, cəmiyyətin eybli strukturları da islah edilməlidir.

6.

Diqqətə layiq olan digər bir məsələ isə bundan ibarətdir ki, “səmimiyyət” sadəcə olaraq obyektiv reallığa adekvat olan inam və eyimdən daha üstün bir nəsnə sayılır. Səmimiyyət özündə düzdanışmanı ehtiva etməsindən əlavə olaraq, batin və zahirin vəhdətini, sadiqanə yaşam tərzini də özündə əks etdirir. Belə bir yaşam təcrübəsinə malik olan hər bir kəs, kimliyindən asılı olmayaraq (məsələn; fəhlə, doktor, müəllim, ziyalı, vəkil və s. ) cəmiyyətdə başqaları üçün örnək, nümunə ola bilər. Məlum olduğu kimi, belə bir yaşam tərzi bəzən bir sıra məhrumiyyətlərlə qarşılaşsa da, heç bir zaman zillət və yungül həyat tərzi ilə barışmaz. Belə bir təcrübə insana pak, ismətli və batini aramlıqla dolu olan bir həyat bəxş edir.

Oxşar yazılar
İnsan bir “başqası” kimi
Din- əxlaqın sığortaçısı
Ətraf mühit əxlaqı
Din- təkcə bir neçə xəbəri cümlədən ibarət deyil.