Yuxu, yəni qurtuluş

Bəzən yuxunun nə qədər böyük, şirin və cazibədar bir nemət olduğunu düşünürəm. Yuxu gələndə, “mən” yoxam. “Mən” olanda isə, yuxu yoxdur. Ölümə oxşar bir nəsnədir yuxu. Elə problem də buradadır. Yuxu bizi oğurlayır. Yuxu zamanı hamımız bizi özü ilə aparan karvanın əsirləriyik.

Yuxu bizimlə nə edir?

Yuxu “mən”i özümdən alır. Özüm boşalıram. Yatarkən, “mən” yoxam. Varam, amma başqa bir formada; elə bir formada ki, hətta təcrübə toruma belə düşmür. Mən sadəcə onu xatırlayıram ki, haradasa bir yataq üzərində, bir yerdə və ya bir divan üzərində uzanmışam. Ancaq əsla xatırlamıram ki, yuxuya gedərkən nə kimi bir təcrübə və necə bir hal yaşamışam. Sanki heç vaxt da yuxuya getdiyin o anı xatırlaya bilmərəm, çünki hər şeydən əvvəl, yuxu məni özümdən alır.

Yatarkən varam, amma iştiraksız, təcrübəsiz və özünüdərksiz olaraq. “Mən” yoxdur ki, nəsə bir təcrübə də yaşaya bilsin. Heç ortada bir təcrübəçi də yoxdur ki, nəyəsə məruz qala bilsin. Ona görə də “Mən yatmışdım”,- deyə söyləməyim belə sanki iradsız deyil. Hansı “mən”? Əgər “mən” olsaydı, onda ortada hökmən iştirakçı və şüurlu bir varlıq var olmalı idi. Ancaq sükut arasında heç nə eşidilmir. Yuxu sirli bir sükutdur ki, hər şeyi durdurur, dondurur, hətta “mən”i belə. Yuxu gələndə “mən” sadəcə olaraq canlı bir orqanizm səviyyəsinə enir.

Yuxu bizimlə üç şey edir:

Birincisi, hər bir məsuliyyəti insanın üzərindən götürür. Yuxu burada məsuliyyətdən azad olmaq deməkdir.
İkincisi, hər bir ağrı və acını insandan uzaqlaşdırır. Yuxu burada dərddən qurtuluş deməkdir.
Üçüncüsü, hər cür dərki və daha önəmlisi, özünüdərki inandan alır. Yuxu burada dərkdən qurtuluş deməkdir.

Yuxu gəldikdə, hər cür məsuliyyət və öhdəlikdən azad oluram. Bütün öhdəlik və məsuliyyətlər bir qırağa çəkilir. Çünki əsas etibarilə “mən” yoxdur ki, bir subyekt kimi nəsə edib, nəyisə öhdəsinə ala bilsin. Bu o deməkdir ki, “mən”in olmadığı müstəvidə hər şey qüvvədən düşür. Hər şey böyük bir sükuta qərq olur. Varlıq durur. Yuxu müstəvisində İlahi əmrlər, hüquqi qanunlar, əxlaqi görəvlər və istənilən hər bir öhdəlik öz predmetini itirir. “Mən” olmadıqda, heç nə də yoxdur. Yatarkən, heç bir avtoritet güc tərəfindən mühakimə olunmuram. Cəhənnəm, mühakimə və zindan təckə o zaman mənimlə əlaqəli ola bilir ki, mən yuxuda olmayım. Yuxuda olarkən Tanrı, hakimiyyət, cəmiyyət və əxlaq qarşısında daşıdığım ağır və dözülməz məsuliyyət yükündən yoxluq müstəvimdə azad oluram. Yuxu məsuliyyətsiz bir Cənnətdir, amma əfsuslar olsun ki, hər bir şeydən öncə, özü də unutqanlıq və qaranlığın qatlarında aradan getmişdir.

Acılar və ağrılar, nakam arzular, incidən xatirələr, talesiz istəklər və bizi sındıran hər bir şey yuxuda unudulur, əldən çıxır, məhv olur. Yuxu gəldikdə, insanın iç dünyasını dərin bir sükut bürüyür. Acıdan qurtuluş özündən qurtuluş deməkdir.

Nə qədər ki, oyağıq, hər bir şey bizə hücum edir. Yatan kimi hər şey bitir. Yuxu bizim hər bir şeydən, hətta özümüzdən belə azad olmağımızın ilk nöqtəsidir. Yaşamağın ağırlığı və acısı bitir. Var olduğumuza görə acı var, cavabdehlik var. Yuxu, yəni qurtuluş…

Beləcə yuxunun başlaması ilə hər bir şey sona yetir, ayıqlıq və özünüdərk ilə isə hər bir şey başlayır.

Dr. Əli Zamaniyan
Çevirən: Emin İmanlı

Oxşar yazılar
Fəlsəfə bir ev kimi
Maddi dünyamızı idarə edən fəlsəfi axın – Praqmatizm
Dəlilmərkəzlilik, yoxsa mütəxəssismərkəzlilik?
Forma, yoxsa məzmun məntiqi?