Zərurilik, mümkünlük və mümkünsüzlük

Hər hansı bir anlayışı, məfhumu öz-özlüyündə nəzərə alsaq, əqli baxımdan yalnız üç fərz təsəvvür oluna bilər:

  1. ya həmin anlayışın yoxluğu qeyri-mümkündür;
  2. ya həmin anlayışın varlığı qeyri-mümkündür;
  3. ya da həmin varlığın nə yoxluğu qeyri-mümkündür, nə də varlığı.

Bu əqli bölgüyə əsasən, üç növ anlayış əldə olunur:

  1. “zəruri”;
  2. “mümkünsüz”;
  3. “mümkün”.

Bu üç fundamental anlayışı həm ontoloji baxımdan nəzərdən keçirmək olar, həm də epistemoloji:

a) Ontoloji təhlil

Ontoloji təhlil dedikdə “zəruri”, “mümkünsüz” və “mümkün” anlayışlarını obyektiv reallıqla əlaqələrini nəzərdə tuturuq. Bu mənada, “zəruri nəsnə” dedikdə obyektiv reallıqda həmin nəsnənin öz-özlüyündə varlığa layiq olması başa düşülür. Elə buna görə də həmin zəruri nəsnə “başqa”sına qətiyyən ehtiyac duymur heç nədə. “Mümkünsüz nəsnə” dedikdə obyektiv reallıqda həmin nənsənin özlüyündə yoxluğa layiq olması başa düşülür. Odur ki, həmin nəsnə heç bir zaman varlıq səhnəsinə qədəm qoya bilməz qətiyyən. “Mümkün nəsnə”yə gəlincə, bu nəsnə obyektiv reallıqda öz-özlüyündə nə varlığa layiqdir, nə də yoxluğa. Başqa sözlə, həmin nəsnəni nəzərdən keçirəndə, nə varlığa layiq olduğuna, nə də yoxluğa layiq olduğuna şahid ola bilərik. Elə buna görə də həmin nəsnə başdan-ayağa ehtyaclı hesab olunur. Belə ki, həm var olmaq, həm də var olduqdan sonra varlığına davam edə bilmək üçün daim “başqa”sına ehtiyac duyur.

Beləliklə, hər hansı bir anlayışı digər bir anlayışla müqayisə etsək, ontoloji baxımdan birinci anlayış ikinci anlayış üçün ya zəruri, ya mümkünsüz, ya da mümkün hesab olunacaq. Məsələn, 2 ədədini “cüt” anlayışı ilə müqayisə etdikdə üç hal yarana bilər: “2”-nin cüt olması ya zəruridir, ya mümkünsüzdür, ya da mümkündür. Deməli, “2 cütdür”,- müddəası qeyd olunan üç haldan xaric ola bilməz. Bu o deməkdir ki, ontoloji baxımdan 2 ədədi dördüncü bir halda, ya da heç bir halda ola bilməz. Adıkeçən üç fundamental anlayışdan biri, mütləq, ona şamil olacaqdır.

b) Epistemoloji təhlil

“Zəruri”, “mümkünsüz” və “mümkün” anlayışlarının epistemoloji təhlili dedikdə hər hansı bir nəsnənin hər hansı bir idrak qüvvəsi baxımından dərk olunub-olunmayacağını, başqa sözlə, həmin idrak qüvvəsinin obyektinə çevrilib-çevrilə bilməyəcəyini nəzərdə tuturuq. Məsələn, hər hansı bir nəsnənin hissi və ya əqli baxımdan dərk oluna bilməsi ya zəruridir, yəni dərk edilməməsi qeyri-mümkündür, başqa sözlə, mütləq dərk olunur. Ya həmin nəsnənin dərki mümkünsüzdür, yəni heç bir zaman hissi və ya əqli baxımdan dərk oluna bilməyəcək. Ya da həmin nəsnənin hissi və ya əqli baxımdan dərki mümkündür, belə ki, əgər hissi və ya əqli baxımdan onun dərk edilməsi üçün lazımi şərtlər həyata keçərsə, həmin nəsnə dərk olunacaq, əks təqdirdə isə idrak obyektinə çevrilə bilməyəcək.

 

Oxşar yazılar
Fəlsəfəyə dair bəzi qeydlərim (2-ci hissə)
Milli fəlsəfə üzərinə bəzi qeydlərim
Düşünmək nədir və dəlillə bağlı nə kimi məntiqi sonucları var?
Fəlsəfəyə dair bəzi qeydlərim (1-ci hissə)